İspaniya La Liqasının 25-ci turunda “Levante”ni 3:0 hesabı ilə məğlub edən “Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandasının oyunundan razı qalıb. Almaniyalı mütəxəssis erkən qolun komandaya inam qazandırdığını vurğulayıb.
İdman.Biz “Marca” nəşrinə istinadla xəbər verir ki, Flik rəqibin sıx müdafiəsini yarmaq üçün taktiki gedişlərdən danışıb.
“Erkən qol vurmaq çox vacib idi. Dəqiqələr keçdikcə oyunumuzu daha da yaxşılaşdırdıq və layiqli qələbə qazandıq. Aşağı müdafiə bloku ilə oynayan komandalara qarşı yarımmüdafiəçilərin hücumlara qoşulması və sol cinahda həll yolları axtarması vacibdir”.
Liderliyin yenidən ələ keçirilməsinin əhəmiyyətinə toxunan təcrübəli məşqçi, hələ qarşıda çox oyunun olduğunu xatırladıb:
“Yenidən birinci yerə qayıtdıq. Bu, çox vacibdir, lakin çempionatın sonuna hələ çox matç var. Komandanın oyunundan məmnun qalsam da, hər şey ideal deyildi. Əsas olan 3:0 hesablı qələbə və qazanılan üç xaldır”.
Qeyd edək ki, 25 turdan sonra 61 xal toplayan “Barselona” turnir cədvəlinə başçılıq edir və “Real”ı bir xal qabaqlayır. 18 xalı olan “Levante” isə 19-cu pillədə qərarlaşıb.