RU

KİV: ABŞ İran ətrafındakı bazalarda hərbi təyyarələrin sayını artırıb

BAKI, 23 fevral. TELEQRAF

ABŞ İordaniya və Səudiyyə Ərəbistanındakı bazalarda yerləşdirilən hərbi təyyarələrin sayını xeyli artırıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin qiymətləndirməsinə görə, Vaşinqton Yaxın Şərqdə Tehrana qarşı mümkün hərbi kampaniya üçün iri həcmli hava qüvvəsi toplayır və bu kampaniya bir neçə həftə davam edə bilər.

Qəzet peyk görüntülərinə və Tel-Əviv Universitetinin qiymətləndirməsinə istinadən yazır ki, İordaniyadakı bazada azı 66 döyüş təyyarəsi yerləşdirilib. Görüntülərdə görünən təyyarələrdən 18-i F-35 qırıcılarıdır. Həmçinin bazada 17 ədəd F-15 çoxməqsədli qırıcısı və səkkiz ədəd A-10 hücum təyyarəsinin olduğu bildirilir. Bundan başqa, həmin bazada EA-18 radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələrinin də müşahidə edildiyi qeyd olunur.

Aviasiya üzrə ekspertin təhlilinə görə, Səudiyyə Ərəbistanındakı bazada da E-3 AWACS erkən xəbərdarlıq və idarəetmə təyyarələri, eləcə də C-130 və C-5 nəqliyyat təyyarələri mövcuddur. “Financial Times” yazır ki, burada da aviasiya texnikasının sayı artıb.

Xatırladaq ki, yanvar ayında Ağ ev İrana qarşı güc tətbiq olunması imkanının ciddi şəkildə nəzərdən keçirildiyini bəyan edib. Vaşinqton o vaxt Tehranın danışıqlar masasına oturacağına və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” sazişə razılaşacağına ümid etdiyini bildirib. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətinin olmadığını açıqlayıb.

Fevralın 17-də Cenevrədə Oman vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran Xarici İşlər Nazirliyi bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu və bunun gələcək saziş layihəsinə daxil edilə biləcəyini bildirib. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini açıqlasa da, Tehranın Ağ evin irəli sürdüyü bəzi mövqeləri hələ qəbul etmədiyini qeyd edib. Tərəflər yeni raundun vaxtını və yerini açıqlamayıb. ABŞ və İsrail daha əvvəl İrandan təkcə nüvə proqramından deyil, həm də ballistik raketlərin istehsalından və Yaxın Şərqdə proiran qüvvələrə dəstəkdən imtina etməyi tələb ediblər.

Избранный
26
teleqraf.com

1Источники