Hərbi əməliyyatdan sonra bir neçə ştatda yollar bağlanıb, avtomobillər yandırılıb və silahlı qarşıdurmalar baş verib...
Meksikada “El Menço” ləqəbi ilə tanınan məşhur narkobaron Nemesio Osegera hərbi əməliyyat zamanı öldürülüb.
Poliqon xəbər verir ki, bu barədə əməliyyatın gedişi ilə tanış olan iki hökumət mənbəsi Reuters Agentliyinə məlumat verib.
Keçmiş polis əməkdaşı olan Osegera ölkənin ən güclü cinayətkar qruplarından biri sayılan Jalisco New Generation Cartelin (CJNG) gizli lideri hesab olunurdu. Kartel adını qərbi Xalisco ştatından götürüb. Həmin ştatda ölkənin ikinci ən böyük şəhəri olan Qvadalaxara yerləşir.
Qısa müddət ərzində CJNG regional qrupdan qlobal miqyaslı transmilli cinayət şəbəkəsinə çevrilərək fəaliyyətini bir neçə qitəyə yaymışdı. Təşkilat həmçinin hazırda ABŞ həbsxanasında olan Xoakin Qusmanin rəhbərlik etdiyi Sinaloa karteli ilə rəqabət aparırdı.
Məlumata görə, Osegeraya qarşı əməliyyat Donald Tramp administrasiyasının narkotik ticarətinə qarşı mübarizəni gücləndirmək üçün Klaudiya Şeynbaum hökumətinə göstərdiyi təzyiq fonunda həyata keçirilib. ABŞ tərəfi Meksikada narkokartellərə qarşı tədbirlərin sərtləşdirilməsini tələb edir və hətta birbaşa müdaxilə ehtimalını da gündəmə gətirib.
Mənbələrdən birinin sözlərinə görə, əməliyyata ölkənin Müdafiə Nazirliyi rəhbərlik edib və nəticədə narkobaron zərərsizləşdirilib.
Əməliyyatdan sonra ölkənin müxtəlif bölgələrində genişmiqyaslı zorakılıq hadisələri qeydə alınıb. Sosial şəbəkələrdə Xalisco ştatı yollarında yandırılmış avtomobillərdən qalxan qara tüstünü əks etdirən görüntülər yayılıb. Yerli KİV-lər silahlı şəxslərin magistral yolları bağladığını və bir neçə ştatda nəqliyyatın iflic vəziyyətinə düşdüyünü bildirib. Xüsusilə ölkənin şimal və şimal-qərb bölgələrində vəziyyətin gərgin olduğu qeyd olunur.
Miçoakan ştatının qubernatoru Alfredo Ramires Bedolya dövlət yollarının bloklanması ilə bağlı çoxsaylı məlumatlar aldığını açıqlayıb. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və regionlarda əlavə qüvvələr yerləşdirilib.
Ekspertlər bildirirlər ki, CJNG rəhbərinin öldürülməsi təşkilat daxilində hakimiyyət uğrunda mübarizəni və ölkədə zorakılığın daha da artmasını sürətləndirə bilər.
Poliqon.info