RU

Novruzun ilk çərşənbəsi yaxınlaşır – Əhaliyə XƏBƏRDARLIQ

Fevralın 24-ü Novruzun ilk çərşənbəsidir. Hər il Novruz bayramı ərəfəsində süfrələrimiz ənənəvi təamlarla zənginləşir. Bəs ənənəvi bayram təamları sağlam qidalanma ilə necə uzlaşır? Şirniyyat bolluğunda balansı qorumaq mümkündürmü?   

KONKRET.az xəbər verir ki, qida eksperti Fərid Səfərov “Yeni Sabah”a açıqlamasında bildirib ki, problem qida növlərində deyil, onların miqdarındadır:

“Novruz süfrəsi bolluq, bərəkət və paylaşım simvoludur. Paxlava, şəkərbura, qoğal, qovurğa, plov, dolma kimi təamlar yüksək kalorili, yağlı və şəkərli qidalardır. Problem onların mövcudluğu deyil, problem miqdardır.

Sağlam qidalanma “qadağa” deyil, “balans” deməkdir.

Bayram süfrəsi ağır ola bilər. Həzm sistemini qorumaq üçün:

– Lifli qidalar artırılmalıdır.

– Fermentləşdirilmiş qidalar bağırsaq mikroflorasını qoruyur və şirniyyatın mənfi təsirini azaldır.

– Su qəbulu. Şirniyyat və duzlu qidalar susuzlaşdırır. Gün ərzində 2–2.5 litr su içmək vacibdir.

– Eyni anda çox çeşid yemək. Burada əsas səhv “hər şeydən bir az” deyib nəticədə həddindən artıq yeməkdir.

Ekspert paxlava və şəkərburanı daha “yüngül” etməyin yollarını da deyib:

“Tam “dietik paxlava” anlayışı yoxdur. Amma daha balanslı versiya mümkündür. Şərbətin miqdarını azaltmaq, ağ şəkər yerinə daha az miqdarda bal istifadə etmək, xəmir qatlarını incə etmək, kərə yağı miqdarını azaltmaq və bir hissəsini zeytun yağı ilə əvəz etmək olar.

Ən effektiv üsul ölçünü kiçiltməkdir. Böyük bir paxlava dilimi yerinə yarım dilim və ya daha kiçik şəkərbura hazırlamaq”.

Fərid Səfərov qeyd edib ki, Novruz süfrəsində əsas problem nəzarətsizlikdir:

“Novruz 3-4 günlük şirniyyat marafonu olmamalıdır. Bir gündə 4-5 ədəd şirniyyat qəbul etmək artıq şəkər yüklənməsi yaradır. Xüsusilə diabet, qaraciyər piylənməsi və artıq çəkisi olanlarda risklidir. Novruz süfrəsində qorxu yox, nəzarətsizlik problemdir. Əgər insan ilin qalan hissəsində balanslı qidalanırsa, 1-2 gün ölçülü şirniyyat ciddi problem yaratmaz. Amma artıq çəkisi, insulin rezistentliyi və ya metabolik problemləri olan şəxslər daha diqqətli olmalıdır”.

Избранный
1
2
konkret.az

3Источники