RU

İftar süfrəsi üçün maraqlı reseptlər

NOCOMMENT.az  “İftar menyusu”nu təqdim edir:

Közlənmiş pomidor şorbası

Ərzaqlar:

9 ədəd böyük pomidor
5 diş sarımsaq
5 yemək qaşığı zeytun yağı
1 ədəd orta boy soğan
5 stəkan isti su
1 yemək qaşığı pomidor pastası
1 az kəklikotu
1 az duz
1 az qara istiot

Hazırlanması:

Pomidorları yuyub, ortadan ikiyə bölüb, üstünə zeytun yağı töküb, əvvəlcədən isidilmiş sobaya qoyun və 30 dəqiqə bişirin. Pomidorları sobaya qoyduqdan 15 dəqiqə sonra sarımsağı sobaya atın. Qovrulmuş pomidoru və sarımsağı sobadan çıxarın, qabıqlarını soyun və əzin. Soğanı kiçik kublara doğrayın və yağda qızardın. Tomat pastası əlavə edin. Soğanlar yaxşıca qızarana qədər bişirməyə davam edin. Bişdikdə əzilmiş sarımsağı əlavə edin. Sonra qovrulmuş pomidor və qaynar su əlavə edin. Pomidorlar yaxşıca bişənə qədər bişirin. Duz və ədviyyat əlavə edin. Qatılaşmağa başlayanda ocaqdan çıxarın və qarışığı blenderə qoyun.

Tava kababı

Ərzaqlar:

400 qram orta yağlı qoyun əti qiyməsi
1 soğan (rəndələnmiş)
2 pomidor (doğranmış)
2 yaşıl bibər (doğranmış)
2 diş sarımsaq (doğranmış)
1 çay qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1/2 çay qaşığı çili bibəri
4 badımcan
3 pomidor

Üzəri üçün:
2 stəkan su
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
2 xörək qaşığı yağ
1 çay qaşığı duz
1 ovuc cəfəri (doğranmış)

Hazırlanması:

Qiyməni soğan, pomidor, yaşıl bibər, sarımsaq, bibər pastası, tomat pastası, duz, qara bibər, zirə və çili bibərini bir qaba töküb yaxşıca yoğurun. Badımcan və pomidoru şaquli və ya maili şəkildə bıçaqla bir-birindən iki santimetr məsafədə kəsin. Hazırlanmış qiymə qarışığı tərəvəzlərin kəsilmiş hissələrinə doldurun. Tərəvəzləri qazana düzün. Bir qabda su, tomat pastası, yağ və duzu qarışdırın. Bu qarışığı qazandakı badımcan və pomidorun üzərinə tökün. Tərəvəzlər dağılmasın deyə boşqabla üzərini örtün və qazanın qapağını bağladıqdan sonra əvvəlcə orta odda, sonra isə zəif odda suyu çəkilənə qədər bişirin. Qazan kababını süfrəyə verərkən üzərinə doğranmış cəfəri səpin.

Mannılı şirniyyat

Ərzaqlar:

Xəmiri üçün:
2,5 stəkan mannı yarması
1 stəkan şəkər tozu
1 stəkan (2 barmaq əskik) süd
1 çay qaşığı soda

Şərbəti üçün:
1,5 stəkan su
2 stəkan şəkər tozu
1 dilim limon

Üzəri üçün:
1 çay qaşığı bəhməz
2 xörək qaşığı su

1/2 ovuc duzsuz fıstıq

Hazırlanması:

Əvvəlcə dərin bir qabda şəkər, mannı, süd və soda töküb qarışdırın. Qarışığı hazırladıqdan sonra bir müddət kənarda saxlayın. Mannı şişəcək və şirniyyat daha dadlı alınacaq. Sobaya qoyacağınız qabı yağlayıb, qarışığı tökün. Sobaya qoymadan əvvəl dilimləyin. Üzərinə bəhməz-su qarışığı yayıb, hər dilimin ortasına zolaq şəklində fıstıq düzün. Xəmir bişərkən şərbət hazırlayın. Kiçik bir qazana şəkər, su və limon dilimini qoyub qaynadın. Qaynadıqdan sonra 10 dəqiqə daha az odda bişirin. Bu şirniyyatda həm şərbət, həm də desert isti olmalıdır. Şirniyyatı sobadan çıxardıb, yenidən doğrayıb, daha 10 dəqiqə sobada saxlayın. Sonra götürüb şərbətini tökün. /Axşam.az/

Избранный
1
1
nocomment.az

2Источники