Stokholm, 22 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
Qışda Günəş işığı çatızmazlığı insanın fiziki və zehni sağlamlığına ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, şimal enliklərində qış aylarında Günəş işığı ay ərzində cəmi təxminən 50 saat olur, yayda isə bu göstərici 200 saata qədər yüksəlir. Günəş işığındakı bu kəskin fərq sirkadian ritmlərin pozulmasına, yuxu keyfiyyətinin aşağı düşməsinə, gümrahlığın azalmasına və hətta depressiyaya səbəb ola bilər. Bununla belə, bir çox insan bu simptomları işıq çatışmazlığı ilə əlaqələndirmir və problemi həll etmək üçün dərmanlara üstünlük verir.
Stokholm Universitetinin işıq və yuxu üzrə tədqiqatçısı və psixologiya üzrə dosenti Arne Lövden vurğulayır ki, günün birinci yarısında mavi gün işığı ən təsirli olur və sirkadian ritmimizi tənzimləyir. Hətta bir neçə dəqiqəlik işıqda qalma belə, gümrahlığı artırır.
O, altı universitetin ekspertləri və tədqiqatçıları ilə birlikdə sağlam işıq təsiri ilə bağlı biliklər, texniki həllər və tədqiqatları inkişaf etdirmək üçün “İşıq təşəbbüsü” (Ljusinitiativet) qeyri-kommersiya təşkilatını təsis edib. “Ljusinitiativet” şirkətlərə və bələdiyyələrə qapalı məkanlarda işıqlandırmanı ölçməyə və təkmilləşdirməyə kömək edir.
“Problem ondadır ki, biz açıq havada çox az vaxt keçiririk. Oyaq olduğumuz saatların təxminən 90 faizini qapalı məkanlarda keçiririk. Araşdırmalar göstərir ki, gün ərzində bir saatdan az açıq havada qalan insanların yuxu pozğunluğu, depressiv əlamətlər və yorğunluqdan şikayət etmə ehtimalı xeyli yüksəkdir”, – deyə tədqiqatçı bildirir.
Alimlər qapalı məkanlarda işıqlandırmanın keyfiyyətinə xüsusi diqqət yetirirlər. Burada təkcə işığın gücü deyil, həm də onun spektri, rəng temperaturu, istiqaməti və titrəməsiz olması mühüm rol oynayır. Məsələn, adi közərmə lampası təxminən 3 min Kelvin, təbii gündüz işığı isə orta hesabla 5 min Kelvin rəng temperaturuna malikdir. LED lampalar enerji baxımından səmərəli olsa da, bəzən görünməz titrəmə yarada bilər. Bu titrəmə baş ağrılarına və diqqətin zəifləməsinə səbəb ola bilər, xüsusilə də diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DÇHS) və autizm diaqnozu olan, sensor həssaslığı yüksək insanlarda.
Qeyd edək ki, bu titrəmə adi gözlə seçilmir, lakin smartfon kamerasında yavaş çəkiliş rejimində müşahidə oluna bilər.
Ekspertlərin fikrincə, iş yerləri çox vaxt insanın bioloji ehtiyacları nəzərə alınmadan təşkil olunur. Halbuki iş mühitində ən az təsirli işıqlandırma növü adətən ən çox bəyəndiyimiz rahat işıqlandırmadır.
“Əvvəllər insanlar uşaq bağçalarında işıqlandırmanın “ev şəraitində” olmasını istəyirdilər. Məktəblərdə də daxil olmaqla, şagirdlərin stress yaşamaması üçün rahat işıqlandırmanın ən yaxşı seçim olduğunu düşünürdülər. Lakin onlar nəzərə almırdılar ki, günorta saatlarında orqanizmin kifayət qədər güclü işığa ehtiyacı var, rahat və yumşaq işıqlandırma isə daha çox axşam saatları üçün uyğundur”, - deyə A.Lövden bildirir.
“Ljusinitiativet”in fikrincə, ideal həll yolu ilin və günün müxtəlif vaxtlarında insan ehtiyaclarına uyğunlaşdırılmış işıq mənbələri yaratmaq olardı.
Tədqiqatlar göstərir ki, qar Günəş şüalarını əks etdirərək səhər saatlarında işıq səviyyəsini artırır. Bu isə melatonin hormonunun azalmasına və ayıqlığın yüksəlməsinə kömək edir. Bununla belə, əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün təkcə təbii işıq hər zaman kifayət etmir. Bəzi hallarda işıq terapiyasına və ya düzgün tənzimlənmiş süni işıqlandırmaya ehtiyac yarana bilər.