BAKI, 22 fevral. TELEQRAF
Rusiya Estoniyaya və digər ölkələrə hədə-qorxu gəlmir, lakin öz təhlükəsizliyini təmin etmək üçün hər zaman lazımi addımları atacaq. Əgər Estoniyada Rusiyaya tuşlanmış nüvə silahı yerləşdirilərsə, Rusiya da öz nüvə silahını bu ölkəyə yönəldəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisi Rusiyanın qonşu dövlətə qarşı mövqeyini belə izah edib:
"Estoniya bizə çox yaxındır. Biz, digər Avropa ölkələrinə olduğu kimi, Estoniyaya da hədə-qorxu gəlmirik. Lakin Estoniya ərazisində bizə tuşlanmış nüvə silahı olarsa, bizim nüvə silahımız da Estoniya ərazisinə yönəldiləcək və bu ölkə bunu çox aydın anlamalıdır. Rusiya öz təhlükəsizliyini təmin etmək üçün, xüsusən də nüvə qarşısıalınması məsələlərində hər zaman üzərinə düşəni edəcək".
Xatırladaq ki, daha əvvəl Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bəyan etmişdi ki, əgər NATO-nun müdafiə planları çərçivəsində müvafiq qərar qəbul edilərsə, Estoniya hökuməti ölkə ərazisində nüvə silahının yerləşdirilməsini istisna etmir.