RU

Azərbaycan–Türkiyə qardaşlığının ictimai müstəvidə daha da möhkəmləndirilməsi müzakirə edilib



İzmir şəhərində fəaliyyət göstərən Qaradənizlilər Konfederasiyasının başqanı Xızır Murtəzaoğlu, eləcə də İzmirli aydınlar Fərid Rəsmi və Osman Çiçəkli Bakıda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova ilə görüşüblər.

Newscenter.az xəbər verir ki, hər iki təşkilat rəhbərliyi bu görüşü Azərbaycan–Türkiyə əlaqələrinin vətəndaş cəmiyyəti müstəvisində daha da möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi dəyərləndirib, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin davamlı xarakter almasının vacibliyini vurğulayıb.

Görüşdən sonra qonaqların şərəfinə könül süfrəsi – şam yeməyi təşkil olunub. Səmimi və dostluq mühitində keçən süfrə arxasında maraqlı və aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Könül süfrəsinə təşrif buyuran millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qardaş ölkə aydınları ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıb. O, iki qardaş ölkə arasında münasibətlərin yalnız siyasi və diplomatik çərçivə ilə məhdudlaşmadığını, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində yüksəldiyini xüsusi vurğulayıb. Komitə sədri yeni üçcildliyini qonaqlar üçün imzalayıb.

Eyni zamanda, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar ictimai-mədəni əməkdaşlığın dərinləşdirilməsi, Türk dünyasında yaradıcı və ədəbi mübadilənin genişləndirilməsi, gənclər arasında ortaq layihələrin təşviqi istiqamətində fikirlərini bölüşüblər.

Müzakirələr zamanı İzmirlə Bakının qardaşlaşmış şəhərlər olmasının 40-cı ildönümü, eləcə də “Şuşa Bəyannaməsi”nin 5-ci ildönümü kimi əlamətdar tarixlər də xatırlanıb, bu sənədin Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin siyasi-hüquqi əsasını daha da möhkəmləndirdiyi qeyd edilib.

Səmimi və qarşılıqlı güvənə əsaslanan mühitdə keçən görüşdə Azərbaycan–Türkiyə qardaşlığının ictimai müstəvidə daha da möhkəmləndirilməsi, qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, hüquqi və iqtisadi maarifləndirmə sahəsində ortaq təşəbbüslərin dəstəklənməsi, eləcə də gələcək birgə forum və layihələrin təşkili ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın dayanıqlı və sistemli inkişafında vətəndaş cəmiyyəti institutlarının mühüm rol oynadığını bir daha nümayiş etdirib.

Arzu Bağırova qonaqlara təşəkkür edərək qurulan əlaqələrin davamlı və uğurlu əməkdaşlığa çevriləcəyinə, ortaq təşəbbüslərin yaxın gələcəkdə konkret layihələrlə nəticələnəcəyinə inandığını bildirib. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Süleyman
Избранный
13
1
newscenter.az

2Источники