RU

Qalapaqos adalarında 150-dən çox nəhəng tısbağa yenidən təbiətə buraxılıb

Stokholm, 22 fevral, Nərqiz Cəfərli, AZƏRTAC

Qalapaqos arxipelaqının Floreana adasında 158 nəhəng tısbağa təbiətə buraxılıb. Bu canlılar həmin adada bir əsr əvvəl yoxa çıxmışdı. Onların çəkisi 250 kiloqrama, yaşı isə 175 ilə çata bilər.

AZƏRTAC Norveçin “Aftenposten” qəzetinə istinadla xəbər verir ki, heyvanlar adanın əlçatmaz ərazilərinə aparılıb və vəhşi təbiətə buraxılıb.

Nəhəng tısbağalar ekosistemdə mühüm rol oynayır. Onlar toxumların yayılmasına kömək edir, bitki örtüyünü tənzimləyir və təbii mühitin bərpasına töhfə verirlər.

“Island Conservation” təşkilatının məlumatına görə, invaziv məməlilərin adaya gətirilməsindən sonra XIX əsrin ortalarında tam məhv edilən Chelonoidis niger növünə aid nəhəng tısbağalar həmin vaxtdan bəri ilk dəfə Floreana adasında yenidən sərbəst yaşayırlar.

Tısbağalar Qalapaqos Milli Parkının nəzdində fəaliyyət göstərən çoxaltma mərkəzində yetişdirilib. Onlar karantindən keçirilib və identifikasiya çipləri ilə təchiz olunub. Alimlər artıq bir neçə onillikdir adada yerli növlərin bərpası istiqamətində çalışırlar.

UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş Qalapaqos adaları Sakit okeanın şərq hissəsində yerləşir. Arxipelaq Ekvador sahillərindən təxminən 1000 kilometr məsafədədir. Bu ərazi unikal flora və faunası ilə tanınır.

Избранный
19
1
azertag.az

2Источники