Rusiya rəhbərliyinin ən qorxulu günlərdə ailələri etibar etdikləri ölkənin rəhbərliyinə indi hücum etmək bütün sərhədlərin aşılmasıdır...
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Rusiyadan Azərbaycana informasiya hücumlarının səbəbləri ilə bağlı “Teleqram” kanalında yerləşdirdiyi şərhdə maraqlı məlumat açıqlayıb.
Ekspert yazır: “Ukraynada Azərbaycanın infrastrukturuna zərbələr, Rusiyada azərbaycanlıların həbsi, dövlət kanallarında təhdidlər... bunların hamısı nəticəsiz qalır! Bu, Rusiyanın zəifliyinin göstəricisidir, çünki ailəyə hücum etmək artıq son həddir. Deyəsən, Moskvada, xüsusən də Putinin əhatəsindəkilər Priqojinin Moskvaya yürüşü zamanı ailələrin olduğu təyyarələrin hara uçduğunu unudublar”.
Fərhad Məmmədovun xatırlatdığı hadisə 2023-cü ilin 23-24 iyun tarixində “Vanqer” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Kremlə qarşı qiyam qaldıraraq Moskva üzərinə hərbi yürüşü ilə bağlıdır.

Qısa olaraq bildirək ki, Prezident V.Putinin aşbazı və çevrəsində ən etibarlı adamlarından biri olan Priqojinin ordu rəhbərliyinə qarşı açdığı savaş Kreml hakimiyyətinə qarşı son illərin ən ciddi hadisəsi idi. Ukraynada “Vaqner” qruplaşmasının 30 mindən artıq hərbçisini itirən Priqojin uzun müddət müdafiə naziri Sergey Şoyqunu tənqid edirdi və onu Ukrayna cəbhəsində uğursuzluqlarda günahlandırırdı. Ən nəhayət bu gərginlik 23–24 iyun 2023-də silahlı qiyama çevrildi: onun tərəfdarları – “Vaqner” döyüşçüləri Rostov-on-Don şəhərindəki hərbi bazaları tutdu və Moskva istiqamətinə irəliləməyə başladılar. Elan olunan məqsəd rəsmi hərbi rəhbərliyini devirmək idi.
Hadisə çox qısa sürdü, təxminən bir gün ərzində Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojinlə razılaşma əldə olundu. Onun silahlı yürüşü dayandı, Priqojinə və yaxın ətrafına qarşı cinayət işləri ləğv olundu və Belarusda sığınacaq verildi. Prezident Putin bu qiyamı xəyanət adlandırmışdı və qısa müddət sonra Afrikadan qayıdarkən onun təyyarəsi havada partladıldı, Priqojin və silahdaşları öldürüldü...
Politoloq Fərhad Məmmədovun xatırlatdığı məqama gəlincə, belə görünür, qiyamın baş verdiyi cəmi 1 gün Putinin yaxın ətrafı üçün çox uzun olub. Əvvəla onlar hakimiyyətin bu qiyamı yatıracağına inanmayıblar və ailələrini dərhal Rusiyadan çıxararaq etibarlı, təhlükəsiz hesab etdikləri ünvanlara göndəriblər. Bu ünvanların arasında Bakı da olub. Yəni Azərbaycana, onun rəhbərliyinə öz ailələrini etibar ediblər. Bu sırada Rusiya oliqarxiyasının birinci liqasında yer tutan milyarderlər, məmurlar, Putinin dost-sirdaşları yer alıb.

Ailəni etibar etmək, ilk növbədə etibar olunanın ən yüksək keyfiyyətlərə sadiq olmasına bağlıdır. Burada siyasi maraqlar, risqlər və s. dövlət siyasətinə aid məsələlər arxa plana keçir. Yəqin ki, evakuasiya planı Kremldə razılaşdırılıb və Putinin razılığından sonra həyata keçirilib. Çünki Rusiya hakimiyyətində Azərbaycan rəhbərliyinin nə qədər etibarlı, sözünə sadiq olduğunu ondan yaxşı bilən yoxdur. Kim bilir, bəlkə elə Rusiya Prezidenti də öz doğmalarını Bakıya göndərmişdi...
Fərhad Məmmədov işarə edir ki, ən qorxulu günlərdə ailələrinizi etibar etdiyiniz ölkənin rəhbərliyinə indi hücum etmək bütün sərhədlərin aşılmasıdır. Bəli, Rusiya Ukraynaya qarşı işğalçı müharibədə artıq uduzub, yüz minlərlə əsgərini, sərvətini, ən əsası dünyada etibarını itirib, izqoy dövlətə çevrilib. İndi ona heç bir dövlət etibar etmir, taleyini çökməkdə olan imperiyaya bağlamaq istəmir. Bunun günahını Kreml rəhbərliyi özündə axtarmalıdır, daha öz yolunu getmək istəyən, qarşıq dünyada təhlükəsizliyinin qayğısna qalan ölkələrin rəhbərlərinə qarşı mənəvi terrora əl atmamalıdır. Bu, Rusiyanı daha böyük çirkaba batırır...
E.Rüstəmli (AzPolitika.info)
Poliqon.info