RU

İran ətrafında gərginlik pik həddə çatdı: Azərbaycanda müharibə hazırlıqları başladı?

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Son günlər İran ətrafında gərginlik kəskin artıb. ABŞ-ın hər an hərbi əməliyyatlara başlaya biləcəyi barədə xəbərdarlıqlar səslənir. Regional təhlükəsizlik məsələləri gündəmi zəbt edib və Azərbaycanın da bu vəziyyətə qarşı hansı tədbirlər gördüyü diqqət mərkəzindədir.

Azərbaycanda “böhran masası” qurulub? Regionda gərginliyin artması Bakı üçün hansı strateji riskləri yaradır?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Birləşmiş Ştatlar tərəfindən hərbi əməliyyat ehtimalının açıqlanması, İranın isə ABŞ hərbi bazalarına cavab zərbələri endirməyə hazır olduğu və Hürmüz boğazını bağlayacağı ilə bağlı hədələri həqiqətən də Yaxın Şərqdə regional təhlükəsizlik gündəmini ön plana çıxarıb:

“Belə vəziyyət isə təbii olaraq yalnız beynəlxalq diplomatiya üçün deyil, həm də region dövlətləri üçün strateji risklərin artmasına səbəb olur. Azərbaycan da bu gərginliyi diqqətlə izləyən ölkələrdəndir. Təkcə İranla sərhəd ölkə olmaq baxımından yox, eləcə də İranda 40 milyona yaxın soydaşımızın yaşaması baxımından bu gərginlik bizim üçün daha həssas məsələyə çevrilib”.

Politoloq vurğulayıb ki, hazırkı mərhələdə rəsmi Bakının neytral və balanslı mövqe sərgilədiyi ortadadır:

“Həm Prezident, həm də xarici işlər naziri səviyyəsində ölkəmizin hava məkanının və ərazisinin hərbi əməliyyat üçün istifadə edilməyəcəyi açıq şəkildə bəyan olunub. Xarici İşlər Nazirliyi qarşıdurmanın regional stabilliyi pozmamasını tələb edib və tərəfləri sülh yolu ilə dialoqa çağırıb. Prezident isə iranlı həmkarı ilə telefon danışığında gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. Azərbaycanın mümkün hərbi əməliyyatlar zamanı baş verə biləcək hadisələrə qarşı hansı addımlara hazır olub-olmamasına gəldikdə isə qeyd edim ki, hazırda ictimaiyyətə elan edilmiş rəsmi “böhranı masası” mövcud olmasa da, dövlət orqanlarının ölkənin təhlükəsizliyini daimi monitorinq etməsi və koordinasiya tədbirləri həyata keçirdiyi şübhəsizdir. Bu, prinsipcə bütün hökumətlərdə adi prosedurdur və regiondakı riskləri vaxtında müəyyən edib, lazımi addımları atmaq baxımından olduqca vacib məsələdir”.

R.Bayramovun sözlərinə görə, gərginliyin artması Azərbaycan üçün bir sıra strateji riskləri ortaya çıxarır:

“Əvvəla, regional sabitliyə təhdid məsələsidir. İstənilən hərbi əməliyyat Yaxın Şərqdə yeni zəncirvari reaksiyalara və böhranlara yol aça bilər. Bu, enerji nəqliyyat yollarında, xüsusilə də Azərbaycan üçün vacib olan layihələrdə qeyri-müəyyənliyi artırır. Neft və qaz qiymətlərində dalğalanmalar ölkənin iqtisadi planlamasına birbaşa təsir edə bilər.

İkincisi, diplomatik və siyasi basqıların artması ilə bağlı olan risklərdir. Məlumdur ki, gərginlik artdıqca digər regional və qlobal oyunçular strateji mövqelərini yenidən müəyyənləşdirməyə cəhdlər edəcəklər. Azərbaycan neytral mövqeyini qorumağa çalışsa da, bu, bəzi tərəflər tərəfindən yanlış anlaşa və ya siyasi təzyiqlərə səbəb ola bilər. Yəni, başqa sözlə desək, Azərbaycana tərəf seçmək üçün basqıların olma riski var ki, bununla bağlı da qabaqlayıcı addımalrın atılması lazımdır”.

Politoloq əlavə edib ki, ən kritik məsələ, humanitar və təhlükəsizlik riskləridir:

“Uzunmüddətli hərbi əməliyyatlar, məcburi köç, qaçqın axını deməkdir. İranda yaşayan soydaşlarımızın sayını nəzərə alsaq, bundan ən çox təsirlənən ölkələrdən birinin də Azərbaycan olacağı şübhəsizdir. Odur ki, Azərbaycan həm daxili sabitliyi qorumaq, həm də humanitar cavab imkanlarını artırmaq üçün hazırlıq səviyyəsini yüksək saxlamalıdır. Sadalananları nəzərə alaraq qeyd edə bilərik ki, İran ətrafında gərginliyin kəskin artması ölkəmiz üçün ciddi strateji çağırışlar yaradır. Hazırda Azərbaycan bu çağırışlara neytral mövqe, diplomatik təşəbbüslər və ümid edirəm ki, həm də humanitar hazırlıq tədbirləri ilə cavab verir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
globalinfo.az

1Источники