RU

"Dövlət İdarəçiliyində Humanizm və Qətiyyətin Sintezi"

Bu gün hamımızın sevimlisi,dəyərli soydaşımız, xanım Mehriban  Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının 9 ili tamam olur. 


Bu müddət ərzində ölkəmizin hərbi-siyasi, sosial-mədəni və humanitar sahələrdə keçdiyi inkişaf yolu göstərdi ki, dövlət idarəçiliyində strateji baxışla humanist yanaşmanın vəhdəti xüsusi əhəmiyyət daşıyır.

2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə bu yüksək posta təyin olunmasından sonrakı dövrə nəzər salsaq görərik ki,,  bu müddət ərzində Azərbaycan regionda söz və təşəbbüs sahibi olan dövlət kimi mövqeyini daha da möhkəmləndirdi. 

Hərbi-siyasi müstəvidə ölkəmizin təhlükəsizliyinin təmin olunması, milli maraqların qətiyyətlə müdafiəsi və post-münaqişə dövründə yeni reallıqların formalaşması ilə paralel olaraq, sosial və humanitar siyasətdə də keyfiyyətcə yeni mərhələ başlandı. Bu mərhələnin əsas xüsusiyyəti insan amilinin prioritet olması idi. 

Şəhid ailələrinə və qazilərə göstərilən diqqət, sosial müdafiə tədbirlərinin genişləndirilməsi, regionların inkişafı, mədəni və mənəvi irsin qorunması istiqamətində həyata keçirilən sistemli fəaliyyət dövlət siyasətinin sosial ədalət və milli həmrəylik prinsiplərinə söykəndiyini bir daha təsdiqlədi.

Mən əvvəllər də müxtəlif çıxış və məqalələrimdə  qeyd etdiyim  kimi Mehriban xanım Əliyevanın fəaliyyəti yalnız cəmiyyətin iqtisadi-sosial və humanitar-mədəni maraqlarının qorunmasına yönələn uğurlu layihələrin icrası və çəmiyyətin gücünü bu istiqamətə yönəltməsi ilə ölçülmür. Bu fəaliyyət özündə daha çox dövlətçilik fəlsəfəsinə insani dəyərlərin inteqrasiyasını ehtiva edir. 

Bunu əyani  olaraq ilk növbədə Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilən təhsil, səhiyyə, mədəniyyət və sosial layihələrin ölkə daxilində sosial həmrəyliyi gücləndirməklə yanaşı, Azərbaycanın beynəlxalq humanitar nüfuzunu  artırması da sübut edir.

Həmçinin iki və çoxtərəfli formatları qarşılıqlı əməkdaşlıq çərçivəsində reallaşdırılan təşəbbüsləri vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqi, dini və etnik tolerantlığın qorunması baxımından mühüm platformalara çevirməsi də aydın şəkildə ortaya qoyur.

Bu dövrdə xüsusilə vurğulanmalı məqamlardan biri də regionda əldə edilmiş sülhün davamlı və dayanıqlı xarakter alması istiqamətində aparılan siyasətdir. 

Müharibədən sonrakı mərhələdə quruculuq, bərpa və reinteqrasiya proseslərinin humanitar ölçüsü Azərbaycanın sülh gündəliyinin əsas xəttini təşkil edir. 

Axı özü-özlüyündı Sülh yalnız hərbi-siyasi sənəd deyil, həm də sosial ədalət, qarşılıqlı etimad və inkişaf strategiyasıdır. Mehriban xanım Əliyevanın fəaliyyəti bu baxışın humanitar dayaqlarını möhkəmləndirən mühüm faktorlardandır.

Eyni zamanda, onun timsalında qadın-kişi bərabərliyinin praktik nümunəsini görürük. Azərbaycan qadınının yüksək dövlət və beynəlxalq platformalarda layiqincə təmsil olunması, liderlik keyfiyyətlərinin zəriflik və mərhəmətlə uzlaşdırılması müasir idarəçilik modelində yeni yanaşma formalaşdırır. Mehriban xanımın fəaliyyəti göstərir ki, qadın liderlik anlayışı yalnız təmsilçilik deyil, həm də strateji qərarvermə, sosial məsuliyyət və milli maraqların müdafiəsi deməkdir. Bu, Azərbaycan qadınının potensialının daha geniş və yüksək səviyyələrdə reallaşmasına stimul verir.

Onun birinci xanım kimi ailə dəyərlərinə sədaqəti və ailəlikcə dövlətə, xalqa və onun ən təbii maraqları uğrunda sərgilədiyi xidmət nümunəsi xüsusi əhəmiyyət kəsb edir. Dövlətçilik ənənəsinə sədaqət, ailə institutuna hörmət və milli-mənəvi köklərə bağlılıq onun xarakter keyfiyyətlərindən qaynaqlanır və bu keyfiyyətlər həm milli, həm də beynəlxalq miqyasda yüksək dəyərləndirilir. 
Ailə dəyərlərinin qorunması ilə dövlətə xidmətin vəhdəti cəmiyyət üçün güclü mənəvi örnəkdir.Doqquz illik fəaliyyət göstərir ki, müasir Azərbaycan güclü siyasi iradə, sosial məsuliyyət, humanitar diplomatiya və gender bərabərliyi prinsiplərini paralel şəkildə inkişaf etdirir. Mehriban xanım Əliyevanın timsalında biz dövlətçiliklə humanizmin, liderliklə ailə dəyərlərinin, milli maraqlarla beynəlxalq əməkdaşlığın harmoniyasını görürük.

Bu əlamətdar gün münasibətilə bir daha vurğulamaq yerinə düşər ki, bu yol yalnız keçilmiş mərhələ deyil, həm də gələcəyə istiqamətlənmiş strateji inkişaf xəttidir. Qoy ölkəmiz Azərbaycan regionda sülhün, sabitliyin və tərəqqinin mərkəzi olaraq daha da güclənsin, Azərbaycan qadını isə ən yüksək tribunalarda milli kimliyimizi və dəyərlərimizi ləyaqətlə təmsil etməyə davam etsin.


Bahar Muradova

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Избранный
17
1
manset.az

2Источники