RU

Çadırlarda sevinən Kiyev sakinləri və tacikistanlı atanın xoşbəxtliyi

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Səhər tezdən sosial mediada xəbərlər yayıldı ki, artıq Kiyevdə Dneprin sol sahilində əksəriyyət, hətta sağ sahildə də bəzi məhəllələrin sakinləri çadırlara köçürlər. Xüsusilə çoxmərtəbəli evlərdə elektrik və istilik probleminə görə, mənfi 15 dərəcədə, sərt hava şəraitində yaşamaq mümkün deyil.

2026-cı ilin yanvarı, son 10 ildə ilk dəfə olaraq qalın qar örtüyü və daimi şaxtalarla gəlmişdi Kiyevə. Rusiya ordusu da sanki bundan istifadə edirdi. Ölkədəki bütün elektrik stansiyalarını və istilik təchizatxanalarını vurub dağıdırdı.

Bu azmış kimi, prezident Volodimir Zelenski komandasına yaxın olan yerli KİV, fürsətdən istifadə edib müxalif Kiyev meri Vitali Kliçkoya savaş elan edib. Səbəb isə şəhərin qışa hazır olmamasıdır. Baxmayaraq ki, şəhərin rayonlarına rəhbərləri Kliçko yox, elə Zelenski özü təyin edir.

Şəhər sakinləri də mətbuat nümayəndələrini günahlandırır ki, problemi yetərincə işıqlandırmırlar. Bir sözlə, burada qarışıq vəziyyət yaranıb.

Yaşadığım yerdə artıq ikinci sutka idi ki, elektrikik enerjisi kəsilmişdi. İstilik də sutkada cəmi iki saatdan çox verilmirdi. Gecəni səhərə qədər donmamaq üçün idman hərəkətləri edirdim.

Səhər tezdən qurulan çadırlarla bağlı xəbəri oxuyan kimi, reportaj etmək qərarına gəldim.

Fövqəladə Hallar Xidmətindən ünvanları dəqiqləşdirib yola düşdüm.

Dneprin sol sahilindəki bütöv bir kvartal çadırlara köçmüşdü. Fövqəladə Hallar Xidməti tərəfindən yaradılan səyyar transfarmatorlar verilən elektrik enerjisinin sayəsində çadırlarda toplanan uşaqlı-böyüklü bütün sakinlər sanki bayram edirdilər.

Dünənə qədər şərqi Avropanın müasirliyi ilə öyünən paytaxt əhalisi bu gün sadəcə çadırlardakı elektrik və istiliklə kifayətlənməli olmuşdu.

Yaxınlaşdığım 55-60 yaşlı qadın əlində corab toxuya-toxuya dedi ki, burada dörd gündür nə işıq var, nə istilik. Evin içində su donur. Yaxşı ki, buranı yaradıblar, çətin də olsa yaşamaq olur.

Əlimdəki mikrofonu görən qarayanız bir oğlan mənə yaxınlaşdı: "Avropaya getmək istəyirdik. Çadırlara düşdük. Bu lənətə gəlmiş müharibəni kim gətirdi axı bizə?"

- Azərbaycanlısınız? - deyə, Azərbaycan dilində məndən soruşdu.

- Hə...

- Mən də azərbaycanlıyam, adım Rəvandır.

- Burada nə edirsiniz?

- Bu rayonun sakiniyəm. Daha doğrusu burada tibb üzrə aspiranturanı bitirmişəm, İndi burada çalışıram. Burada öz evim var. Hər şey yaxşı idi. Müharibə hər şeyi korladı. İndi evdə soyuqdan oturmaq olmur. Yaxşı ki dövlət bu çadırları qurub. Bura tez-tez gəlirəm, - deyə, qüssəli-qüssəli danışırdı.

Həmyerlimlə bir az söhbət edib, ayrıldım.

Növbəti çadıra keçəndə, sanki uşaq bağçasına girdim. Bəlkə də 30-dan çox uşaq vardı. Dedilər daha iki çadır belə azyaşlı uşaqlarla doludur. Bütün çoxmənzilli evlərdəki azyaşlı uşaqları, elə valideynləri, bura toplayıblar. Məktəbə də burada hazırlaşırlar. Uşaqlar sevinirdilər. İsti çadır onlar üçün bayram ab-havası yaratmışdı.

Küncdə oturan 12-13 yaşlı qız uşağına yaxınlaşdım. Öz-özünə nəsə danışırdı

- Adın nədir?

- Kira.

- Yəqin dərslərini hazırlayırsan.

- Xeyr. Dua edirəm. Məryəm ana bizi eşitsin. Hər gecə atılan raketdən, soyuqda donmaqdan yorulduq.

İnamla üzümə baxan uşağın dedikləri mənə necə təsir etdisə, bilmədim nə soruşam. Amma özü davam etdi:

- Bura çox istidir. Yaxşı ki bura var. İsinib yemək yeyirik və dua edirik.

Reportajımı növbəti məntəqədəki çadırlarda da davam etdirəndən sonra geri dönmək istəyirdim. Bu zaman kimsə məni arxadan səslədi. Çevrilib baxdım ki, ortayaşlı qarayanız bir kişi, yanında da müxtəlif yaşlarda dörd uşaq var.

Salamlaşandan sonra rus dilində soruşdum:

- Azərbaycanlısınız?

- Yox, tacikəm-təbəssümlə sözünə davam etdi.

- Gördüm bizi çəkirsiniz. Nə üçün çəkirsiniz?

- Mən jurnalistəm. Buradan süjet hazırlayırdım..

- Hə, buranı yaxşı fikirləşiblər. Burada yığışıb isinirik. Bu arada məni təbrik edə bilərsən.

- Nə münasibətlə? Çadırlara görə?

- Yox. Bu gün nəhayət Ukrayna vətəndaşlığını aldım. Sevincimizin həddi hüdudu yoxdur.

- Əvvəl hara vətəndaşı idin?

- Tacikistan.

- Ailəlisən?

- Hə. Altı uşağım da var. Artıq burada pasportlarımızı aldıq. Uşaqlarımla bir yerdə, isti çadırda bunu bayram edirik. Allaha şükürlər olsun-deyə, sevinclə bildirdi.

Mat-məəttəl üzünə baxa-baxa qalmışdım.

- Təbrik edirəm sizi! - deyib, sağollaşıb, oradan ayrıldım.

Mübariz Aslanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
oxu.az

1Источники