RU

Sülh Şurasının ilk iclası hansı məqamlar ilə yadda qaldı? – DETALLAR

Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etdi. Belə ki, o, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.

Tramp sammitin iclasında çıxışı zamanı qeyd edib ki, “Azərbaycan Prezidenti İlham Əliyev. İndi bu adı deməyi sevirəm. Əvvəlcə bu, mənə çətinlik yaradırdı. İndi isə deməyi sevirəm. Gözəl bir addır. Çox bəyəndim”.

Məsələ ilə bağlı NOCOMMENT.az – a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəlməzdən öncə hətta seçki kampaniyası dövründə söz vermişdi ki, dünyada gedən müharibələrə son qoyacaq:

“Bu istiqamətdə atılan addımlar təqdirəlayiqdir, Tramp hakimiyyətə gəldikdən sonra əməli fəaliyyətə başladı.

Dünyada davam edən səkkiz münaqişəni diqqətə alsaq, nəticəyönümlü dinamikanın Azərbaycanla Ermənistan arasında müşahidə olunduğunu deyə bilərik. Bu gün artıq de-fakto sülh şəraitində yaşadığımız bəllidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh sammitinin ilkin iclasına qatılması və toplantıda bir neçə dəfə dövlət başçımıza xitab olunması Azərbaycan Liderinin və bütövlükdə ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Bu, Azərbaycanın beynəlxalq nizamın birbaşa iştirakçısı olduğunu göstərir”.

O bildirib ki, Ermənistana müxtəlif istiqamətlərdən təzyiqlər göstərilir və rəsmi İrəvan bu təzyiqlər fonunda sülh əldə etməyə çalışır:

“Təzyiqlər hərtərəfli xarakter daşıyır və əslində prosesə mane olmağa yönəlmiş addımlardır. Bununla belə, sülh prosesi davam etməlidir və alternativ bir fikir, ideyadan söhbət belə gedə bilməz.

Paralel olaraq, Nikol Paşinyan qarşıdan gələn seçkilərdə qələbəsini təmin etməyə çalışır. Bu baxımdan verilən bəyanatlar ilkin mərhələdə daha çox daxili auditoriyaya hesablanır. Cəmiyyətin sosial dəstəyinin təmin olunması Paşinyan üçün zəruri amildir.

Sülhə doğru irəlilədikcə Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşdığı, bunun da tək təchizatçıdan asılılığı azaltdığı və ölkəyə siyasi manevr imkanları verdiyi məlumdur. Nəticə etibarilə, tarixən qarşıdurma regionu olmuş Cənubi Qafqaz iqtisadi əlaqələr və əməkdaşlıq məkanına çevrilir”.

Politoloq qeyd edib ki, Sülh şurasının ilk iclasında cənab İlham Əliyevlə Nikol Paşinyan arasında ayaqüstü görüşün keçirilməsi, tərəflərin bir-birinin əlini sıxması və səsləndirilən fikirlər sülhə doğru addımlandığını göstərən məqamlar kimi qiymətləndirilməlidir:

“Ermənistanın daxilindən səsləndirilən bəyanatlar da Konstitusiya dəyişikliyinə doğru gedildiyini göstərir. Bununla yanaşı, qarşıda asan, hamar olmayan, tikanlı yol var.

Bütün bu amillər fonunda Prezident İlham Əliyev Cənubi Qafqazı rəqabət oxlarından kənar saxlayaraq, onu iqtisadi əməkdaşlıq regionuna çevirmək hədəfinə addım-addım yaxınlaşır. Sülh sammiti və buna paralel olaraq təzyiqlər fonunda gəlinən nöqtə ondan xəbər verir ki, real nəticələrin əldə olunduğunu göstərir”.

Atilla Rzasoy

 

Избранный
21
nocomment.az

1Источники