RU

Ermənistan dəmir yolu ilə bağlı geosiyasi müzakirələr genişlənir

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarə olunması məsələsinə yenidən baxmağı təklif edib. O, mövcud konsessiyanın dost ölkələrdən birinə - Qazaxıstan, BƏƏ və ya Qətərə satıla biləcəyini istisna etməyib.

Xatırladaq ki, Paşinyan ötən il Rusiya Prezidenti Vladimir Putinə Türkiyə və Azərbaycan sərhədlərinə gedən, 30 ildən çoxdur fəaliyyət göstərməyən dəmir yolu xətlərinin bərpası ilə bağlı müraciət etmişdi. Rusiya tərəfi isə bildirib ki, konsessiya müqaviləsi bu marşrutların bərpasını öhdəlik kimi nəzərdə tutmur, lakin məsələ ilə bağlı danışıqlar başlanıb.

Ekspertlər Paşinyanın bəyanatını siyasi addım kimi qiymətləndirirlər. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz və regional təhlükəsizlik problemləri mərkəzinin böyük elmi işçisi Nikolay Silayev "Sputnik Ermənistan"a bildirib ki, Rusiya Dəmir Yollarının konsessiyası Ermənistanın nəqliyyat sisteminin inkişafına iqtisadi maneə yaratmır. Onun sözlərinə görə, rəsmi İrəvan da real iqtisadi arqument irəli sürmür və məsələ daha çox siyasi xarakter daşıyır.

Bu arada Türkiyə Naxçıvan istiqamətində yeni dəmir yolunun tikintisinə başlayıb. Qars-İğdır-Aralıq-Dilucu xəttinin təməlqoyma mərasimi 22 avqust 2025-ci ildə keçirilib. Layihə Bakı və Ankara tərəfindən "Zəngəzur dəhlizi" adlandırılan təşəbbüsün tərkib hissəsi kimi qiymətləndirilir.

Eyni zamanda İran da Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün Araz dəhlizi çərçivəsində 50 kilometrlik yol inşa edir. Bununla belə, Ermənistan üzərindən keçən marşrut Bakı və Ankara üçün strateji əhəmiyyətini qoruyur.

Beləliklə, Ermənistan dəmir yolları ətrafında müzakirələr təkcə infrastruktur məsələsi deyil, regionda daha geniş geosiyasi rəqabətin bir hissəsi kimi dəyərləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники