RU

Vətən müharibəsinin şəhid HƏKİMİ

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2020-ci ilin payızında Azərbaycan xalqı tarixinin ən şanlı səhifələrindən birini yazdı – 44 günlük Vətən Müharibəsi. Bu müharibədə yalnız əsgərlər deyil, tibb işçiləri də ön cəbhədə idilər. Onlar yaralı əsgərlərin həyatını xilas etmək üçün qorxunu unutdular, əsl qəhrəmanlıq nümayiş etdirdilər, canlarından keçdilər.Vətən Müharibəsi zamanı onlar günlərlə yuxusuz, yorğun, bəzən güllə yağışı altında xidmət etdilər. Yaralıların sayı çox idi, vaxt isə az. Hər saniyə bir həyat demək idi.Bu həkimlərin bir çoxu ya könüllü olaraq ön cəbhəyə yollanmışdı, ya da hospital və səyyar tibb məntəqələri tərkibində döyüş bölgəsində xidmət edirdilər. Onlar üçün ağ xalat sadəcə bir peşə simvolu deyildi – bu, insan həyatına verilən dəyərin rəmzi idi. Lakin müharibə şəraitində onlaın ağ xalatı qanla qırmızıya boyandı.Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb, 44 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 11 həkim, 7 feldşer və 26 tibbi təlimatçı şəhidlik zirvəzinə ucalıb.Modern.az-ın məlumatına görə, bu gün Vətən Müharibəsində şəhid olan hərbi həkimlərdən birinin - Rasim Abdullayevin doğum günüdürAzərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı olan Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində anadan olub.

1993-cü il aprelin 2-də Kəlbəcər rayonunun Milli kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Rasim və ailəsi öz doğma torpağından didərgin düşüb.1998-ci ildə Azərbaycan Tibb Universitetindən məzun olan Rasim Abdullayev 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi tibb qulluqçusu olaraq xidmət etməyə başlayıb. O, 2016-cı ilin "Aprel döyüşləri" zamanı Gəncə Hərbi Poliklinikasının rəisi olaraq döyüşün qızğın nöqtələrində qalan yaralı zabitlərə yerindəcə tibbi yardım göstərib."Aprel döyüşləri"ndən sonra R.Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin əvvəllərinə qədər bu vəzifəni yerinə yetirən Rasim Abdullayev son vəzifəsinə - Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunub və İkinci Qarabağ müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirib.O, 44 günlük Vətən müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış 100-dən çox yaralıya yerindəcə tibbi yardım göstərib.Rasim Abdullayevə 10 noyabr 2020-ci ildə müharibənin son dəqiqələrində, üçtərəfli bəyanat imzalanandan bir müddət əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlib. Rasim Abdullayev öz istəyi ilə bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut-Şuşa yoluna çıxıb. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində, Şuşaya az qalmış Abdullayevin maşını qarşı tərəfin zabitləri və əsgərləri tərəfindən pusquya salınıb. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev qəhrəmancasına şəhid olub.

Rasim Abdullayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
modern.az

1Источники