Millət vəkili Nizami Səfərov “Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyası” ilə Bağlı Müzakirədə çıxış edərək aktual məsələlərə diqqət çəkib.
Nizami Səfərovun bu çıxışı, Azərbaycan Respublikasının beynəlxalq hüquq sahəsində atdığı mühüm addımları və insan orqanlarının qanunsuz alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.
Azadmedia.az millət vəkili Nizami Səfərovun “Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyası” ilə Bağlı Müzakirə Edilən Təqdimatını təqdim edir:
"Hörmətli xanım Sədr, Hörmətli deputatlar,
Bugün müzakirə edəcəyimiz məsələ Azərbaycanın beynəlxalq hüquq müstəvisindəki əhəmiyyətli bir addımı ilə bağlıdır. Azərbaycan Respublikası 2015-ci ildə Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyasını imzalayaraq, bu sahədə beynəlxalq hüququn tələblərinə uyğun öz öhdəliklərini yerinə yetirmək məqsədini güdməkdədir. Bu sənəd, xüsusilə insan orqanlarının qanunsuz alqı-satqısına qarşı mübarizə aparmaq üçün güclü hüquqi bir çərçivə təqdim edir.
2017-ci ildə qüvvəyə minmiş Konvensiyanın məqsədi insan orqanlarının qanunsuz alqı-satqısını, o cümlədən orqanların daşınması, ötürülməsi, qəbulu və satışı kimi cinayətləri kriminallaşdırmaqdır. Azərbaycanın bu sahədəki beynəlxalq öhdəlikləri, münaqişə bölgələrində ərazi bütövlüyü məsələsinin hələ tam bərpa edilmədiyi dövrə təsadüf edir. Bu səbəbdən, Azərbaycan tərəfindən Ermənistanla münasibətlər normallaşana qədər Konvensiyanın bəzi maddələrinin tətbiqi ilə bağlı bəyanatlar verilmişdir.
Hörmətli deputatlar, qeyd edim ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi məsələsinin tam bərpa edilməsi, həmçinin cənab Prezidentin sülh gündəliyinin uğurla həyata keçirilməsi nəticəsində, bu gün beynəlxalq hüquq praktikasında mühüm dəyişikliklər baş verməkdədir. Əvvəllər, işğal altında olan ərazilərdə beynəlxalq hüquq aktlarının yerinə yetirilməsi təmin edilə bilmirdi. Lakin müharibədən sonra əldə edilmiş Zəfər, ölkəmizin beynəlxalq müqavilə-hüquq təcrübəsini əhəmiyyətli dərəcədə dəyişmişdir.
Dünyada hər il yüz minlərlə qanuni orqan transplantasiyası həyata keçirilir, lakin buna rəğmən, tələbatın yalnız 10%-i təmin edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 10.000-dən çox qanunsuz orqan transplantasiyası həyata keçirilir, ki bu da çox ciddi bir hüquq pozuntusudur. İnsan hüquqları və əsas azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən bu cinayətlər, transmilli mütəşəkkil cinayətkar qruplar tərəfindən idarə olunur. Bu səbəbdən dövlətlər və beynəlxalq təşkilatlar arasında sıx əməkdaşlıq vacibdir.
Konvensiyanın Həyata Keçirilməsi və Hüquqi Mexanizmlər
Konvensiyanın 33 maddəlik mətnində beynəlxalq standartlar və mübarizənin təşkilinə dair konkret əməllər yer alır. Orqanların qanunsuz götürülməsi və ticarətinə qarşı mübarizə, zərər çəkən şəxslərin hüquqlarının qorunması və digər hüquqi əməkdaşlıq məsələləri ətraflı şəkildə müəyyən edilmişdir. Azərbaycanın 2020-ci ildə qəbul etdiyi "İnsan Orqan və Toxumalarının Donorluğu və Transplantasiyası haqqında" qanun, bu sahədə mövcud hüquqi mexanizmləri gücləndirmişdir və artıq qanunsuz orqan alqı-satqısı ilə mübarizə üçün möhkəm bir hüquqi baza yaradılmışdır.
Hörmətli deputatlar, beynəlxalq müqavilə və hüquqi sənədlərin daxili qanunvericiliklə uyğunlaşdırılması, ölkəmizin beynəlxalq öhdəliklərinə riayət etməsini təmin edir. Bu səbəbdən, Avropa Şurasının İnsan Orqanlarının Alverinə Qarşı Konvensiyasının təsdiq olunması, ölkəmizin hüquqi sistemindəki mövcud mexanizmlərlə uyğunlaşdırılaraq, effektiv mübarizə aparılmasına imkan verəcəkdir.
Təşəkkür edirəm".