RU

Hafiz Nəsibov: Cinayət prosesində hər mərhələ pozuntulara qarşı hüquqi filtr rolunu oynayır

Bakı, 20 fevral, AZƏRTAC

Cinayət prosesinin nəticələrinin həm proses iştirakçıları, həm də cəmiyyət üçün etimad doğurması yalnız sübutların qanunla müəyyən edilmiş qaydada əldə olunması və qiymətləndirilməsi ilə mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində keçirilən "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" mövzusunda üçüncü paneldə çıxışı zamanı Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov deyib.

Onun sözlərinə görə, cinayət təqibinin məqsədlərinə nail olunması tərəflərin hüquqlarına tam əməl edilməsi ilə birbaşa bağlıdır.

Kollegiya sədri vurğulayıb ki, cinayət prosesinin mərhələli quruluşu təsadüfi deyil və hər bir növbəti mərhələ əvvəlkində yol verilmiş pozuntuların qarşısını alan hüquqi filtr rolunu oynayır. Bu mexanizmin məqsədi pozuntularla aparılmış istintaq hərəkətlərinin və qanunsuz əldə olunmuş sübutların prosesin sonrakı mərhələlərinə keçməsinə imkan verməməkdir.

Hafiz Nəsibov bildirib ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilən materiallar istintaq orqanları və prokurorluq tərəfindən qanunauyğunluq baxımından ciddi şəkildə yoxlanılmalı, yalnız bundan sonra cinayət işinə əlavə edilməlidir: “Prokuror ibtidai araşdırmaya prosessual rəhbərlik edərkən və ittiham aktını təsdiq edərkən bütün prosedur tələblərinə əməl olunmasını xüsusi nəzarətdə saxlamalıdır”.

O, həmçinin qeyd edib ki, birinci instansiya məhkəmələri hazırlıq iclasında Cinayət-Prosessual Məcəllədən irəli gələn vəzifələri yerinə yetirməli, ittiham üzrə nəticələrini şübhə doğurmayan sübutlarla əsaslandırmalıdır. Yol verilmiş səhvlərin apellyasiya instansiyası vasitəsilə aradan qaldırılması mexanizmi mövcuddur.

Bununla yanaşı, Hafiz Nəsibov kassasiya təcrübəsinə istinad edərək bildirib ki, bəzən ibtidai araşdırmanın ilkin mərhələsində yol verilmiş ciddi pozuntular nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışında vaxtında aşkar olunur. Nəticədə bu cür pozuntular kassasiya mərhələsində məhkəmə qərarlarının ləğvinə və işlərin yenidən apellyasiya baxışına qaytarılmasına səbəb olur", - deyə o qeyd edib.

Hafiz Nəsibovun sözlərinə görə, bu halların qarşısının alınması üçün cinayət prosesinin bütün mərhələlərində prosessual intizamın gücləndirilməsi və qanuni sübut meyarlarına daha həssas yanaşma zəruridir.

Избранный
42
azertag.az

1Источники