Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb.
APA xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Sənan Hacıyev bildirib ki, məhkəmə sistemində, ədalət mühakiməsində süni intellektin tətbiqi ilə bağlı proqram hazırlanıb:
"Xüsusən iddia ərizələri, appelyasiya kassasiya, şikayətlərinin məhkəməyə daxil olan zaman onların prosessual normalara uyğun tətbiqinin süni intellekt vasitəsilə yoxlanılması nəzərdə tutulur. Eyni zamanda, çox sadə işlərin, əmr icraatı, icra icraatı qaydasında verilən ərizələrə və şikayətlərə qərar layihələri süni intellekt vasitəsilə hazırlanacaq".
S.Hacıyev əlavə edib ki, bu sahədə məqsədlərdən biri də məhkəmə qərarlarının proqnozlaşdırılmasını təmin etməkdir:
Vətəndaşlar məhkəməyə müraciət edən zaman iddiasının uyğunluq dərəcəsini qiymətləndirə biləcəklər.