RU

Hikmət Babaoğlu: Vaşiniqtonda bəzi antimilli ünsürlər Zəfərimizi həzm edə bilməyən qüvvələrin təsiri ilə təxribata cəhd göstərib

“Vaşinqtonda bəzi antimilli ünsürlər Zəfərimizi həzm edə bilməyən qüvvələrin təsiri ilə təxribata cəhd göstərib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib, Azərbaycan son 5 il ərzində tarixi qələbə beynəlxalq ictimaiyyətə qəbul etdirməyi bacarıb: “Bu isə özlüyündə ayrıca bir tarixi hadisədir. Vaşinqtonda keçirilən sülh müzakirələrində Azərbaycanın əldə etdiyi zəfər hətta ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən sülh platformasının əsas nümunələrindən biri kimi təqdim olundu. Azərbaycanın Ermənistanla yaratdığı sülh modeli beynəlxalq ictimaiyyətə ədalətli və dayanıqlı sülh nümunəsi kimi göstərildi. İki ölkə liderinin müzakirələr çərçivəsində görüşməsi də bu sülhün uzunmüddətli və etibarlı modelə çevrilməsi istəyindən irəli gəlirdi. Ancaq bu tarixi qələbəni qəbul etməyən qüvvələr də mövcuddur. Bunlar, əsasən, erməni lobbisi və onun ətrafında birləşmiş radikal dairələrdir. Təsadüfi deyil ki, ABŞ-da bəzi antimilli ünsürlər Azərbaycanın qələbəsini həzm edə bilməyən qüvvələrin təsiri ilə sifarişli və təxribat xarakterli addımlar atmağa cəhd göstərdilər. Belə hallarda insan təəssüf hissi keçirir ki, bəzi şəxslər erməni dairələrinin alətinə çevrilirlər. Məsələnin mahiyyəti ondadır ki, bu cür davranışlar həmin şəxslərin faktiki olaraq erməni mövqeyi ilə eyni sırada dayandıqlarını nümayiş etdirir”.

Deputat qeyd edib ki, Azərbaycanın tarixi qələbəsi hər bir azərbaycanlının qürur mənbəyidir: “Belə olan halda bu qələbəyə qarşı yönəlmiş fəaliyyətlərə alət olmaq, əslində, Azərbaycan xalqına qarşı mövqe tutmaq deməkdir. Təsadüfi deyil ki, qeyri-etik və aqressiv davranışlara erməni təşkilatları tərəfindən dərhal dəstək verildi. Daha sonra ABŞ Konqresinin ermənipərəst mövqeyi ilə tanınan üzvlərindən olan Frenk Pallone də bu xətti dəstəklədi. Bununla da Vaşinqtonda baş verən radikal xarakterli aksiyaların arxasında dayanan qüvvələrin kimliyi daha aydın şəkildə üzə çıxdı. Bir vaxtlar Azərbaycana qarşı ən sərt mövqe sərgiləyən senator Robert Menendez kimi siyasətçilərin də zamanla ABŞ qanunları qarşısında cavab verməli olduqları məlumdur. Bu isə göstərir ki, hüquqi məsuliyyət prinsipi hər kəs üçün keçərlidir. Azərbaycan isə hazırda daha geniş baxış bucağı ilə gələcəyə doğru addımlayır. Ölkə daha böyük hədəflər və uzunmüddətli inkişaf strategiyası ilə hərəkət edir. Bu gün ABŞ-la Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Konqresdə “907-ci düzəliş”in ləğvi məsələsi də yenidən müzakirə mövzusudur. Lakin Azərbaycanın milli maraqları gündəmə gələn kimi bəzi siyasətçilər, o cümlədən Frenk Pallone bu düzəlişin ləğvinə qarşı çıxış edirlər. Bütün bu faktlar fonunda Azərbaycan cəmiyyəti Vaşinqtonda baş verən radikal aksiyaların arxasında dayanan qüvvələrin kimliyini və məqsədlərini aydın şəkildə görür”.

Избранный
25
1
apa.az

2Источники