RU

Bir boşqab sağlamlıq: Qışda immunitetinizi BELƏ GÜCLƏNDİRİN

Hər zaman qidalanmaya diqqət yetirmək lazımdır. İstər qış, istərsə də yay mövsümü olsun, fərq etmir. Qidalanma balanslı olmalıdır. Xüsusilə, havaların soyuması, immun sisteminin zəifləməsi, qrip və digər virusların yayılması dövründə düzgün və faydalı qidalanma daha da önəmli olur. Bu mövsümdə bir çox insan qrip və soyuqdəymədən əziyyət çəkir.

Bəs bunun qarşısını necə ala bilərik?

Məsələ haqda NOCOMMENT.az-a danışan qida eksperti Ağa Salamov deyib ki, belə hallarda yalnız balanslı deyil, eyni zamanda faydalı və keyfiyyətli qidalar qəbul etmək vacibdir:

“Rasionda zülalla zəngin məhsullar – ət, toyuq və xüsusilə balıq mütləq yer almalıdır. Balıq soyuq havalarda orqanizm üçün daha faydalıdır. Həftədə ən azı iki dəfə balıq istehlak etmək tövsiyə olunur. Bəzi insanlar xaşın zərərli olduğunu, ürək-damar sistemi üçün ağır ola biləcəyini düşünürlər. Lakin düzgün və normada qəbul edildikdə xaşın tərkibində olan vitamin və minerallar immun sistemini gücləndirir. Sadəcə olaraq, xaş yeyib hərəkətsiz qalmaq olmaz. Qidalanmadan sonra müəyyən qədər fiziki aktivlik olmalıdır. Heç bir qida xəstəliklərin qarşısını yüz faiz almır, lakin orqanizmin müqavimətini artırır və viruslara qarşı mübarizəni gücləndirir. Buna görə də təbii və faydalı məhsullara üstünlük verilməlidir”.

Mütəxəssis qeyd edib ki, səhər yeməyində zeytun, yumurta və süd məhsulları mütləq olmalıdır:

“Yumurta istər qaynadılmış, istərsə də pomidorla və ya digər tərəvəzlərlə birlikdə bişirilmiş formada qəbul edilə bilər. Mövsümə uyğun tərəvəzlərdən istifadə etmək daha məqsədəuyğundur.

Süd məhsulları – kəsmik, pendir, qatıq və digər ağartılar gündəlik qidalanmada yer almalıdır. Bu məhsullar orqanizm üçün vacib olan zülal və kalsium mənbəyidir. Günorta və axşam yeməklərində plov, ət yeməkləri və digər milli yeməklər qəbul edilə bilər. Əsas məsələ fast-food tipli zərərli qidalardan uzaq durmaq, qidalanmanı balanslı və vitaminlərlə zəngin şəkildə təşkil etməkdir. Meyvə və tərəvəzlərdən bol istifadə etmək də sağlam qidalanmanın vacib şərtidir. Unutmayaq ki, düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Bundan əlavə, mövsümə uyğun olaraq bitki çayları və təbii dəmləmələr də immun sisteminə müsbət təsir göstərir”.

Tunar
NOCOMMENT.az

Избранный
61
nocomment.az

1Источники