“Xaricdə yaşayan bir qrup anti-azərbaycanlı ünsürün növbəti dəfə çirkin niyyətlərini açıq şəkildə ortaya qoyması heç kim üçün təəccüblü deyil. Bu radikal və aqressiv qrup özlərinin mənəvi səviyyəsinə uyğun davranış sərgiləyərək ABŞ-nin paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaldığı hotelə zorla daxil olmağa cəhd göstəriblər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, bu ünsürlər qeyri-etik ifadələr, təhqir və zorakılığa çağırışlarla müşayiət olunan davranışları ilə təhlükəsizlik kordonunu yarmağa çalışıblar:
“Sosial şəbəkələrdə yayılmış videolardan da açıq-aşkar görünür ki, məqsəd təkcə səs-küy yaratmaq deyil, həm də dövlətimizin başçısının təhlükəsizliyinə kölgə salmaq, Azərbaycan dövlətinə qarşı düşmən münasibəti nümayiş etdirmək olub. Xüsusilə vurğulamaq lazımdır ki, bu cür ünsürlər nə söz azadlığını, nə də “etiraz hüququnu” təmsil edir. Onlar siyasi sifarişlə hərəkət edən, radikal düşüncə ilə zəhərlənmiş, nifrət və Azərbaycan dövlətinə qarşı düşmənçilik üzərində varlığını quran marginal qruplardır”.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidentinə qarşı yönələn istənilən təzyiq və ya təxribat cəhdi bütövlükdə dövlətimizə qarşı atılmış addımdır:
“Dövlətimizin başçısı Azərbaycanı təmsil edir və onun təhlükəsizliyinə, nüfuzuna və fəaliyyətinə qarşı yönələn hər hansı aqressiv addım birbaşa ölkəmizə qarşı yönəlmiş addımdır. Harada baş verməsindən asılı olmayaraq, bu kimi hadisələr Azərbaycan dövlətinə qarşı aparılan qarayaxma və təzyiq kampaniyalarının tərkib hissəsi kimi dəyərləndirilməlidir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu təxribat Ermənistanla sülh sazişinin imzalanmalı olduğu bir ərəfədə baş verir. Təsadüfi deyil. Məhz bu mərhələdə bəzi revanşist və radikal qüvvələr regionda dayanıqlı sülhün bərqərar olmasını əngəlləmək, gərginliyi yenidən alovlandırmaq və konstruktiv prosesi pozmaq üçün hərəkətə keçiblər. Onlar anlayırlar ki, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsləri onların illərlə qidalandığı münaqişə və xaos siyasətini iflasa uğradır”.
S.Salmanova qeyd edib ki, Azərbaycan dövləti güclü liderliyi və prinsipial mövqeyi ilə bu cür çirkin ssenariləri dəfələrlə puça çıxarıb:
“Bu dəfə də həmin qüvvələrin niyyəti ifşa olundu. Sülhə qarşı olanlar əslində regionun sabitliyinə, xalqların təhlükəsiz gələcəyinə qarşı çıxanlardır. Onlar bilməlidirlər ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib və dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən, prinsipial və milli maraqlara söykənən daxili və xarici siyasəti tam şəkildə dəstəkləyir.
Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin güclənməsini təmin edən, ölkəni regional və qlobal miqyasda söz sahibi edən lider kimi tarixi məsuliyyəti qətiyyətlə daşıyır. Onun ardıcıl siyasi xətti Azərbaycanın suverenliyini, təhlükəsizliyini və beynəlxalq nüfuzunu möhkəmləndirib, regionda sülh və əməkdaşlıq üçün real zəmin yaradıb.
Bu gün aparılan siyasət milli maraqlara, praqmatik hesablamalara və uzunmüddətli strateji baxışa əsaslanır. Məhz buna görə də bu kimi təxribatlar, aqressiya və ucuz şoular Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Cənab Prezidentin qətiyyətli mövqeyi və xalqımızın dəstəyi ilə Azərbaycan sülh yolunda inamla irəliləyir və bu yoldan geri dönməyəcək”.
"Cebhenfo.az"