RU

Respublika Qan Bankı:Təhlükəsiz donorluq və dayanıqlı qan təminatı

Elxan Nağıyev: Əsas hədəfimiz təkcə qan toplamaq deyil, təhlükəsiz, keyfiyyətli, etibarlı, davamlı və şəffaf qan təminatı sistemini formalaşdırmaqdır

Qan donorluğu yalnız tibbi bir prosedur deyil, eyni zamanda, insan həyatının qorunması və sağlam cəmiyyətin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edən prosesdir. Bu baxımdan Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ölkədə qan xidmətinin bütün mərhələlərini vahid sistem əsasında təşkil edən əsas qurum olaraq çıxış edir. Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev “İki sahil” qəzetinə müsahibəsində qurumun fəaliyyəti, donorların cəlb olunması, qan ehtiyatlarının təhlükəsiz saxlanılması və fövqəladə hallar zamanı sürətli təminat mexanizmləri barədə ətraflı məlumat verib.

- Respublika Qan Bankının əsas fəaliyyət istiqamətləri və missiyası nədən ibarətdir?

-Səhiyyə Nazirliyinin “Respublika Qan Bankı” publik hüquqi şəxsi cənab Prezident İlham Əliyevin 16 iyul 2024-cü il tarixli 151 nömrəli Fərmanına əsasən yaradılıb.Qurum Azərbaycan Respublikasında qan xidməti sahəsində mərkəzi və əsas icraçı olaraq ölkə üzrə qan xidmətinin bütün mərhələlərinin vahid sistem əsasında idarə edilməsini təmin edir. Bizim fəaliyyətimiz yalnız qan toplamaqla məhdudlaşmır, daha geniş – strateji əhəmiyyətli bir səhiyyə xidmətini əhatə edir. Qurumumuz tərəfindən donorların cəlb edilməsi və donorluğun təşkili, qanın təhlükəsiz şəkildə toplanması, geniş spektrli laborator müayinələrin aparılması, qanın müasir texnologiyalar vasitəsilə komponentlərə ayrılması, saxlanması və logistik idarə olunması, bütün tibb müəssisələrinin ehtiyaclarının operativ qarşılanması mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yəni Səhiyyə Nazirliyinin Respublika Qan Bankı donorla pasiyent arasında bütün prosesi vahid mexanizm daxilində koordinasiya edən, strateji qan ehtiyatının formalaşdırılmasına cavabdeh olan əsas qurumdur.

Qan ehtiyatının toplanması elmi əsaslara söykənən və ciddi tibbi protokollarla tənzimlənən çoxmərhələli prosesdir. Respublika Qan Bankında donordan pasiyentə qədər izlənilə bilənlik prinsipi tətbiq olunur. Hər bir qan vahidi elektron informasiya sistemində qeydiyyata alınır və bütün mərhələlərdə izlənilir. Əsas hədəfimiz təkcə qan toplamaq deyil, təhlükəsiz, keyfiyyətli, etibarlı, davamlı və şəffaf qan təminatı sistemini formalaşdırmaqdır. Bu sistem sayəsində ölkəmizdə qan və qan komponentlərinə ehtiyacı olan minlərlə insanın həyatı xilas edilir.

-Ölkədə qan ehtiyatının sabit saxlanılması üçün hansı sistem və mexanizmlər tətbiq olunur?

- Respublika Qan Bankında qan və qan komponentlərinin ehtiyatı könüllü donorlar hesabına formalaşır. Bu model yalnız Azərbaycanda deyil, dünyanın əksər ölkələrində ən etibarlı, təhlükəsiz və davamlı qan təminatı mexanizmi kimi qəbul olunur.

İllik qan ehtiyatı bir neçə paralel mexanizm əsasında formalaşdırılır. Mən ilk növbədə mütəmadi olaraq Respublika Qan Bankına müraciət edən könüllü donorları qeyd etmək istərdim. Onlar sistemin əsas dayaqlarından biridir. Bundan əlavə, dövlət və özəl qurumlar mütəmadi olaraq könüllü qanvermə aksiyaları keçirməklə bizə böyük dəstək verirlər. Bu aksiyalar qan ehtiyatının əhəmiyyətli hissəsinin formalaşmasında mühüm rol oynayır. Ali təhsil müəssisələrinin, ictimai təşkilatların, qeyri-hökumət təşkilatları, media qurumlarının dəstəyi də xüsusi qeyd edilməlidir.

Respublika Qan Bankı ölkə üzrə tibb müəssisələrinin ehtiyaclarını, əməliyyat saylarını, talassemiya və digər xroniki xəstəliklər üzrə tələbatı mütəmadi təhlil edir. Bu təhlillər əsasında illik və aylıq qan toplama planları hazırlanır. Bununla da resurslardan səmərəli istifadə təmin olunur, eyni zamanda, fövqəladə hallar üçün strateji ehtiyatlar saxlanılır.

-Hazırda ölkədə qan və ya qan komponentlərinə ən çox ehtiyac duyulan sahələr hansılardır?

-Hazırda qan və qan komponentlərinə ən çox ehtiyac talassemiya, eləcə də digər irsi qan xəstəlikləri, travmatologiya və təcili cərrahiyyə sahəsində ağır qanaxma halları üçün, onkologiya və hematologiyada uzunmüddətli müalicə alan xəstələr , doğuş zamanı baş verən qanaxmaların qarşısının alınması üçün, böyük ürək-damar və digər cərrahi əməliyyatlarda, həmçinin reanimasiya və intensiv terapiya bölmələrində yaranır.

-Fövqəladə hallar və kütləvi hadisələr zamanı qan təminatı necə təşkil edilir?

-Fövqəladə hallar və kütləvi hadisələr zamanı qan təminatı mərkəzləşdirilmiş koordinasiya mexanizmləri vasitəsilə təşkil olunur, bu zaman mövcud ehtiyatların sürətli səfərbər edilməsi, regionlar arasında yenidən bölüşdürülməsi, təcili donor çağırışlarının həyata keçirilməsi və komponentlərin prioritet istifadə prinsiplərinə əsasən paylanması təmin edilir.

-Qanvermə prosesi hansı mərhələlərdən ibarətdir və donorun təhlükəsizliyi necə təmin olunur?

-Qan donorluğu prosesində təhlükəsizliyin yüksək səviyyədə təmin olunması əsas prioritetlərdəndir və bu məqsədlə kompleks profilaktik tədbirlər görülür. Qanvermədən öncə donor olmaq istəyən şəxs xüsusi sorğu vərəqəsini dolduraraq sağlamlıq vəziyyəti ilə bağlı sualları cavablandırır. Tibbi müayinə zamanı arterial təzyiq, nəbz, bədən temperaturu, boy, çəki və hemoqlobin səviyyəsi yoxlanılır. Donor olmaq istəyən şəxsin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, qanverməyə əks göstərişlərin olub-olmaması müəyyən edilir. Yalnız sağlam və müəyyən edilmiş meyarlara uyğun şəxslər donor kimi qəbul olunur.

Qanvermə prosesi tam steril şəraitdə həyata keçirilir. Yalnız birdəfəlik, steril tibbi ləvazimatlardan istifadə edilir. Qanvermə zamanı donorun vəziyyəti tibb personalı tərəfindən davamlı nəzarətdə saxlanılır. Qanvermədən sonra donor müəyyən müddət müşahidə altında qalır, ona istirahət etmək və bol maye qəbul etmək tövsiyə olunur. Donor qanı laborator şəraitdə İİV, sifilis, Hepatit B və C infeksiyalarına qarşı analiz olunur. Görülən bütün bu tədbirlər həm donorun, həm də resipiyentin sağlamlığının qorunmasına, eləcə də qan tədarükü prosesinin təhlükəsiz və etibarlı şəkildə təşkilinə xidmət edir.

-Bir donor il ərzində neçə dəfə qan verə bilər və bu prosesin sağlamlığa təsiri barədə nə deyə bilərsiniz?

-Tibbi normalara əsasən, sağlam bir insan il ərzində neçə dəfə qan verə bilər -  kişilər ildə 4 dəfə, qadınlar isə 3 dəfə. Qanvermə prosesləri arasındakı müddət orqanizmin qan hüceyrələrini tam şəkildə bərpa etməsi üçün kifayət edir. Qanvermə prosesi yalnız həkim müayinəsindən sonra həyata keçirilir. Sağlamlıq vəziyyəti qiymətləndirildikdən sonra göstəriciləri normal olan şəxslərə qan verməyə icazə verilir. Burada məqsəd həm donorun, həm də resipiyentin təhlükəsizliyini təmin etməkdir. Qanvermə sağlam insan üçün təhlükəsizdir və orqanizm götürülən qan həcmini qısa müddət ərzində bərpa edir.

Qanvermənin faydalarına gəldikdə ilk növbədə qeyd etmək lazımdır ki, donor mütəmadi olaraq tibbi müayinədən keçir ki, bu da sağlamlıq vəziyyətinə nəzarət baxımından üstünlükdür. Qanvermə zamanı orqanizmdə qan yaradan orqanlar fəaliyyətini artırır, yeni qan hüceyrələri yaranır, orqanizm daha sağlam və daha güclü olur. Qanvermə infarkt və insult riskini azaldır, baş ağrısına yaxşı təsir edir, stresi azaldır, metobalizmi stimullaşdırır, həzm sistemi, qaraciyər və mədəaltı vəzi xəstəliklərinin qarşısını almağa yardım edir. Eləcə də qan təzyiqini stabilləşdirir, orqanizmdəki dəmir miqdarını normallaşdırır. Mütəmadi qanvermə orqanizmi cavanlaşdırır. 18-65 yaş arasında, çəkisi minimum 50 kq, boyu minimum 150 sm, qanında hemoqlabin səviyyəsi normal olan, sağlamlıq vəziyyəti imkan verən hər kəs qan donoru ola bilər.

-Ümumiyyətlə,kimlər qan verə bilməz, daimi və müvəqqəti əks-göstərişlər nələrdir?

-Sizin də qeyd etdiyiniz kimi, qanvermədən kənarlaşdırmalar iki böyük qrupa bölünür – daimi və müvəqqəti. Daimi əks-göstərişlərə İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bədxassəli onkoloji xəstəliklər, insulindən asılı şəkərli diabet, ürək-damar sisteminin ciddi xəstəlikləri, talassemiya, hemofiliya və digər irsi qan xəstəlikləri, xroniki böyrək və qaraciyər çatışmazlığı, autoimmun xəstəliklər, mərkəzi sinir sisteminin ciddi pozuntuları və epilepsiya kimi xəstəliklər daxildir. Bu hallar donorluq üçün daimi əks göstəriş olaraq qiymətləndirilir və qanverməyə icazə verilmir.

Bəzi hallarda isə şəxsin qanvermədən müvəqqəti olaraq uzaqlaşdırılması tələb olunur. Bu hallar adətən sağlamlıq vəziyyəti ilə bağlı müvəqqəti narahatlıqlar, qısamüddətli tibbi müdaxilələrlə əlaqədar olur. Məsələn, kəskin respirator infeksiyalar, qrip, angina kimi hallarda, donorun qanverməsi 2-4 həftəlik müddətə təxirə salınır. Peyvəndlərdən sonra – xüsusilə canlı vaksinlər tətbiq olunmuşsa – donor 48 saatdan 4 həftəyə qədər qan verməməlidir. Eyni zamanda, cərrahi əməliyyatlar və ya invaziv tibbi prosedurlar keçirmiş şəxslər bir il ərzində qanvermədən kənarlaşdırılır. Doğuşdan sonrakı dövrdə qadın donorlar üçün də qanvermə fasiləsi təqribən 12 ay müəyyən olunur. Həmçinin süd verən analar donor ola bilməzlər. Donor özü əvvəlki il ərzində qan və ya qan komponenti qəbul edibsə, həmin müddət tamamlanmadan qan verməsinə icazə verilmir. Bu cür hallarda əsas məqsəd şəxsin tam bərpa olunmuş sağlamlıq vəziyyətində donorluq fəaliyyətinə qayıtmasını təmin etməkdir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
12
ikisahil.az

1Источники