RU

Azərbaycan – Serbiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər son illərdə ardıcıl və məqsədyönlü şəkildə inkişaf edən siyasi xətt üzrə formalaşmışdır. Diplomatik münasibətlərimiz 1997-ci ildə qurulsa da, əlaqələrin real dinamizmi xüsusilə son onillikdə daha aydın görünür. İki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirərək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə dəstək verir. Bu amil münasibətlərin yalnız diplomatik deyil, həm də siyasi etimad üzərində qurulduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış qarşılıqlı anlayış və işgüzar münasibətlər ikitərəfli əməkdaşlığın əsas dayağıdır. Dövlət başçılarının görüşləri formal protokol çərçivəsindən kənara çıxaraq konkret layihələrin müzakirəsi və icrası ilə müşayiət olunur. Bu isə əlaqələrin praktik nəticələrə yönəldiyini göstərir.

Enerji sahəsində əməkdaşlıq münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Azərbaycan qazının Serbiyaya ixracı bu əlaqələri strateji müstəviyə çıxarmışdır. 2023-cü ildən etibarən qaz təchizatının başlanması Serbiyanın enerji mənbələrinin şaxələndirilməsinə imkan yaratmış, Azərbaycanın isə Avropa enerji bazarındakı mövqeyini daha da gücləndirmişdir. Bu əməkdaşlıq tərəflər arasında qarşılıqlı etimadın iqtisadi əsaslarla möhkəmləndiyini nümayiş etdirir.

İqtisadi əlaqələr enerji ilə məhdudlaşmır. Azərbaycan şirkətləri Serbiyada yol və infrastruktur layihələrinin icrasında iştirak etmiş, bu sahədə uğurlu təcrübə qazanmışdır. Eyni zamanda, investisiya imkanlarının araşdırılması və ticarət dövriyyəsinin artırılması gündəlikdə duran əsas məsələlərdəndir. Hər iki ölkə iqtisadi əməkdaşlığı daha sistemli və davamlı etmək niyyətini açıq şəkildə ifadə edir.

Humanitar və mədəni əlaqələr də diqqətdən kənarda qalmır. Təhsil, mədəniyyət və parlamentlərarası münasibətlər xalqlar arasında qarşılıqlı anlaşmanı dərinləşdirir. Yüksək səviyyəli səfərlər və tədbirlər münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.

Prezident İlham Əliyevin Serbiyaya səfəri iki ölkə arasında siyasi iradənin və qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu bir daha təsdiqləmişdir. Bu səfər yalnız diplomatik jest deyil, konkret iqtisadi və strateji maraqlar üzərində qurulmuş əməkdaşlığın davamı kimi qiymətləndirilə bilər. Mövcud dinamika göstərir ki, Azərbaycan–Serbiya münasibətləri gələcəkdə də sabit və yüksələn xətt üzrə inkişaf edəcəkdir.

Cəmilə Hüseynova

YAP Naxçıvan şəhər təşkilatının fəalı

Избранный
16
yeniazerbaycan.com

1Источники