RU

Times: Britaniya ABŞ-nin İrana zərbə endirmək üçün öz bazalarından istifadəsinə icazə verməyib...

Londonun qərarı Vaşinqtonun hərbi planlarına təsir edib, Tramp isə Çaqos adaları ilə bağlı razılaşmaya dəstəyini geri çəkib...

Britaniya hökuməti ABŞ-nin İrana mümkün hərbi zərbələr endirməsi üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadəsinə icazə verməyib.

Poliqon xəbər verir ki, bu barədə The Times qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trump Britaniya Baş naziri Keir Starmer tərəfindən Çaqos adalarının Mavrikiyə verilməsi ilə bağlı irəli sürülmüş razılaşmaya dəstəyini geri çəkib. Qəzet yazır ki, buna səbəb Londonun ABŞ-yə Britaniya bazalarından İrana qarşı hücum məqsədilə istifadə etməyə razılıq verməməsi olub.

Nəşrin məlumatına əsasən, Vaşinqton mümkün əməliyyat çərçivəsində Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazasından, eləcə də Britaniyanın Fərford aviabazasından istifadə etməyi planlaşdırırdı. Lakin London hələ də bu istiqamətdə zəruri icazəni verməyib. Mənbələrin sözlərinə görə, Britaniya tərəfi belə addımın mümkün hüquqi nəticələri ilə bağlı narahatlıqlarını əsas gətirib.

Qeyd olunur ki, məsələ iki ölkə arasında strateji əməkdaşlıq fonunda xüsusi həssaslıq kəsb edir. Britaniya uzun illərdir ABŞ-nin əsas hərbi müttəfiqlərindən biri olsa da, İrana qarşı birbaşa hərbi əməliyyatlarda iştirak məsələsi London üçün həm siyasi, həm də hüquqi baxımdan mürəkkəb hesab olunur.

Bu arada, fevralın 19-na keçən gecə CBS News telekanalı məlumat yayıb ki, ABŞ hərbçiləri artıq 21 fevral, şənbə günü İrana zərbə endirməyə hazırdır. Bununla belə, yekun qərarı Prezident Donald Tramp hələ qəbul etməyib. Jurnalistlərin məlumatına görə, Ağ evdə məsələ ilə bağlı dinamik və fasiləsiz müzakirələr davam edir.

Hazırkı vəziyyət Vaşinqton və London arasında koordinasiyanın hansı səviyyədə davam edəcəyi, eləcə də Yaxın Şərqdə gərginliyin artıb artmayacağı ilə bağlı sualları gündəmə gətirib.

Poliqon.info

Избранный
85
poliqon.info

1Источники