RU

Fərdi yanaşma, dəstək və yeni həyata başlamaq şansı Həssas əhali qruplarından olan şəxslər diqqət mərkəzində

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 fevral, Nailə Həsənova, foto Səfiyar Məcnun, AZƏRTAC

Azərbaycanda həssas qrupdan olan əhaliyə xüsusi diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətindən biri kimi hər zaman diqqət mərkəzindədir. Belə şəxslərin sosial qayğı ilə əhatə olunması, onlar üçün şəraitin yaxşılaşdırılması və həssas qrupdan olan şəxslərin cəmiyyətə reinteqrasiyası istiqamətində mütəmadi tədbirlər görülür. Bu yanaşma Bakının Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində əyani surətdə tətbiq edilir. Burada hər bir şəxs yaş və həyat şərtlərindən asılı olmayaraq, fərdi yanaşma, dəstək və yeni həyata başlamaq şansı qazanır.

Hər bir vəziyyət üzrə fərdi plan işlənir

2017-ci ildə fəaliyyətə başlayan müəssisədə 8 ildir Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsində çalışan sosial işçi Elvin Camalov AZƏRTAC-ın əməkdaşları ilə söhbət zamanı bildirib ki, hazırda orada 67 şəxsə sosial xidmət göstərilir. O bildirib ki, müəssisəyə yerləşmək üçün şəxsin özü, yaxud qanuni nümayəndəsi və yaxud DOST mərkəzlərinə, eləcə də polis orqanlarına edilmiş müraciətlər əsasında öncə qiymətləndirmələr aparılır. Burada onlara “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial hüquqi, sosial psixoloji, sosial məişət və digər xidmətlər göstərilir: “Həmin şəxslər yaşayış yeri, gündəlik qida və geyimlə təmin olunurlar. Onlar sosial xidmətə götürülərkən müvafiq işlər aparılır, sosial işçi, psixoloq, tibb bacıları işə cəlb olunurlar. Hər bir vəziyyət üzrə fərdi plan işlənir. Onların sosial reinteqrasiyasına güclü dəstək göstərilir. Hər vəziyyətə uyğun fərdi yanaşma nümayiş olunur”.

Elvin Camalovun sözlərinə görə, müəssisənin bu şöbəsinə müraciət edənlərin çoxu, əsasən, yaşayış yeri olmayan şəxslərdir: “Əsas nailiyyətimiz odur ki, müraciət etmiş şəxslərlə, benefisiarlarla birgə addımlayaq. Onlara dəstəyimiz olsa da, daha da səy göstərsinlər ki, mövcud vəziyyətdən xilas olub, reinteqrasiya olunsunlar. Reinteqrasiya dedikdə, biz şəxsin ailəyə dönüşü və yaxud öz ayaqları üzərində qalmağı bacarmasını nəzərdə tuturuq. İlkin olaraq, onlar 6 aylıq müddətə sığınacağa yerləşdirilirlər. Şəxslərin məşğulluqlarının təmin edilməsi məqsədilə onlar Dövlət Məşğulluq Agentliyi vasitəsilə müvafiq vakansiyalara yönləndirilir və işlə təmin edilirlər. 70 yaşına çatmış müəssisə sakinləri isə Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə köçürülürlər”.

Asudə vaxtın həmyaşıdlarla keçirilməsi tənhalığı unutdurur

Beş ay öncə müəssisəyə yerləşdirilən və Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiyası şöbəsində olan Rasim Abışov burada yaradılan şəraitdən razılıq edib. O deyib ki, asudə vaxtlarını həmyaşıdları ilə keçirməsi tənhalığını unutdurur: “63 yaşım var, qalmaq yerim yox idi. Öyrəndim ki, belə bir müəssisə var, müraciət etdim. Hər kəsdən və yaradılan şəraitdən çox razıyam. İstilik, hamam, televiziya və oyun otaqları var. Domino, şahmat oynayırıq. Darıxmağa səbəb yoxdur. Burada qalanların hamısı ilə ünsiyyətim var, bir-birimizin qayğısına qalırıq. Sosial işçilər bizə övlad qayğısı göstərirlər, qayğımızı çəkirlər. Burada psixoloq da var. O da maraqlanır”.

Rasim Abışov bildirib ki, müəssisəyə gələnədək işləyib. “Kirayə qalırdım. İşsiz qaldım, kirayə verə bilmədim. Həyat yoldaşım vəfat edib”.

Sonra yolumuzu Sosial Xidmətlər Agentliyinin sakinlərin təhlükəsizliyinə görə ünvanını açıqlaya bilmədiyimiz müəssisəsində fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsindən də saldıq.

2021-ci il avqustun 1-dən fəaliyyət göstərən şöbənin yaradılma məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması və məişət zorakılığı probleminin, onun doğurduğu nəticələrin aradan qaldırmasının uzunmüddətli həllinə nail olmaqdır. Şöbədə məişət zorakılığı qurbanı və onun ailə üzvlərinin (övladları) birgə yaşaması, mədəni-asudə vaxtının təşkili üçün müasir şərait yaradılıb.

Məişət zorakılığına məruz qalmış şəxslərin sosial reabilitasiya şöbəsinin müdiri Gülnaz Məmmədli deyib ki, burada məişət zorakılığına məruz qalmış şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası, sosial statuslarının bərpası məqsədilə işlər həyata keçirilir: “Hazırda 7 şəxsə sosial xidmət göstərilir. Onların 3-ü qadın, 4-ü uşaqdır. Bura qəbul məişət zorakılığına məruz qalmış şəxsin özü və ya qanuni nümayəndəsi, müvafiq icra hakimiyyətləri, polis orqanları, DOST xidmətlərinə müraciətlər, bələdiyyələr, QHT-lərin müraciəti əsasında və 116123 Qayğı Çağrı Mərkəzinə müraciətlə qəbul edilir. Bu cür şəxslərin cəmiyyətə, ailəyə inteqrasiyası, sosial reabilitasiyası həmin şəxslərə fərdi fəaliyyət planı əsasında həyata keçirilir. Qeyd etdiyim xidmətləri həyata keçirmək üçün onlara tibbi, tibbi sosial, sosial psixoloji, hüquqi, iqtisadi və sosial məişət xidmətləri göstərilir. Şöbədə hazırda onlara bu xidmətləri göstərmək üçün hər bir şərait var. Xidmətlərin hər biri yaş həddinə uyğun həyata keçirilir”.

Onun sözlərinə görə, indiyədək bu şöbədə 286 şəxsə sosial xidmət göstərilib: “İlk gündən bu xidmətlər yüksək keyfiyyətdə göstərilir. Gəldiyi gündən hər bir şəxsin mühafizəsi həyata keçirilir. Məişət zorakılığına məruz qalmış qadın gəldikdə, o, övladlarını da gətirə bilər. Onların sosial tibbi xidmətdən sonra qiymətləndirilməsi aparılır. İlkin tibbi yardımdan sonra lazım olduğu təqdirdə, onların müalicə və müayinəsi üçün müvafiq tibb müəssisələrinə müraciət olunur. Ekspertiza rəyi onun məişət zorakılığına məruz qalmasını təsdiqləyən əsas şərtlərdən biridir. Bunun üçün müvafiq polis orqanlarının ərizəsi olmalıdır”.

Ailəsini dağıtmaq istəməyən qadınlar var

Gülnaz Məmmədli vurğulayıb ki, sosial xidmət göstərilənlərin 103-ü qadın, 183-ü uşaqdır. “Analar gələndə uşaqları da gətirirlər. Çalışırıq ki, onların çəkdikləri əziyyətlər psixoloji korreksiya olunsun. Onların özləri, ailələri ilə reabilitasiya aparılır. Həyati təhlükə olmadıqda və şəxsin razılığı olduqda ailələri ilə qrup reabilitasiyası aparılır. Ailəsini dağıtmaq istəməyən qadınlar var. Cəmiyyətə inteqrasiyada onlara sosial statusların verilməsi, dəstək göstərilməsi əsas şərtlərdən biridir. Özünəinamlı qadın həyatda yaşamağı da bacarır. O, istədiyi halda məşğulluq problemlərinin həlli üçün müraciət olunur”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, məişət zorakılığına məruz qalmış qadınların iqtisadi cəhətdən azadlığı, onların mübariz olması fərəhləndirici haldır: “Ailə dəyərlərinin formalaşdırılması əsas şərtlərdən biridir. Biz bu şəxslərlə reabilitasiya bitəndən sonra da monitorinqlər aparırıq. Keçən il 5 uşaq universitetlərə qəbul olunub”.

Şöbə müdiri vurğulayıb ki, bu müəssisə sadəcə sığınacaq deyil, ümid, qayğı və fürsət yeridir. Burada hər kəs qayğı və dəstək hiss edir, müstəqillik və özünəinam öyrənir. Müəssisənin işçiləri buraya gələnlərlə işləməkdən qürur duyurlar. Çünki işçilər onlara ləyaqətlə, ümidlə və daha yaxşı gələcəyə inamla dolğun həyata qayıtmağa kömək edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
60
1
azertag.az

2Источники