RU

Gürcüstan Prokurorluğu radioaktiv maddə alan şəxslər barəsində qərar qəbul edib – YENİLƏNİB

Tbilisi, 19 fevral, AZƏRTAC

Gürcüstan Prokurorluğu iki nəfəri radioaktiv materialın qanunsuz əldə olunmasına cəhddə ittiham edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, iki xarici vətəndaş Gürcüstan ərazisində 3 milyon Amerika Birləşmiş Ştatları dollarına nüvə materialı hesab edilən uran və radioaktiv maddə olan sezium almağa cəhd edib. Təqsirləndirilən şəxslər sonradan nüvə materialını və radioaktiv maddəni Gürcüstandan kənara çıxarmağı planlaşdırıblar. Görülən tədbirlər nəticəsində hər iki şəxs qeyd olunan maddələri qanunsuz olaraq almağa cəhd edərkən həbs olunub.

Saxlanılanlar qanunsuz olaraq radioaktiv maddələr əldə etməyə cəhddə ittiham olunublar və buna görə 10 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edəcək.

Məlumatda deyilir ki, Dövlət Təhlükəsizlik Xidməti bu istiqamətdə araşdırmanı davam etdirir.

12:02

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son 36 saat ərzində ölkənin müxtəlif bölgələrində həyata keçirdiyi tədbirlər nəticəsində 13 müxtəlif cinayət işi üzrə 29 nəfər həbs edilib və onlara qarşı ittiham irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə DTX rəisinin birinci müavini Laşa Maqradze bu gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, əməliyyat məlumatlarının emalı nəticəsində Kutaisidə 2 xarici vətəndaş qanunsuz olaraq nüvə və radioaktiv maddələr əldə etmək cəhdi zamanı saxlanılıb. Onlar qanunsuz olaraq 3 milyon ABŞ dollarına nüvə materialı hesab edilən uran və radioaktiv maddə olan sezium 137-ni alıb, qanunsuz olaraq başqa bir ölkənin ərazisinə daşımağı planlaşdırıblar. Xarici vətəndaşlar planı həyata keçirmək üçün son həftələr Gürcüstana gəlib, nüvə materialı və radioaktiv maddələrin alınması və daşınması üçün əlverişli şərait yaratmaqla məşğul olublar.

Paralel olaraq həyata keçirilən bir neçə antikorrupsiya tədbirləri nəticəsində isə qanunsuz ağackəsmə, vəzifə səhlənkarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarına görə 12 nəfər məsuliyyətə cəlb edilib.

Həmçinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları Batumi və Laqodexi bələdiyyələrində 2 nəfəri rüşvətə görə həbs ediblər.

“Daxil olan, emal edilən və reallaşdırılan əməliyyat məlumatlarının həcmi təkcə son 6 ayda təxminən 24 dəfə artıb ki, bu da DTX-nin analitik və əməliyyat imkanlarının gücləndiyini göstərir”, - deyə Maqradze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
42
6
azertag.az

7Источники