"İsrailin əsas hədəfləri sırasında HƏMAS təşkilatının tamamilə sıradan çıxarılması da yer alır. Təbii ki, HƏMAS kənardan müəyyən dəstək almaqda davam edir. Əvvəllər HƏMAS əsasən İranın proksi qüvvəsi kimi çıxış edirdi. Lakin son dövrlərdə İranın öz daxili və xarici vəziyyətinin ağırlaşması səbəbindən HƏMAS-a əvvəlki kimi genişmiqyaslı və fasiləsiz dəstək verməsi çətinləşib. Bununla belə, dəstəyin tamamilə kəsildiyini demək olmaz. Dəstəyin zəifləməsinə baxmayaraq, onun müəyyən formada davam etdiyi istisna edilmir. Digər tərəfdən, HƏMAS Qəzza bölgəsində real güc sahibi olduğu üçün münaqişənin əsas tərəflərindən biri kimi çıxış edir. Məhz bu səbəbdən ABŞ və bəzi ərəb ölkələri İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını öz üzərlərinə götürüblər".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, İsrail və HƏMAS arasında ABŞ vasitəçiliyi ilə aparılan atəşkəs danışıqları humanitar böhranın kritik həddə çatdığı bir zamanda baş tutur. Müharibənin yaratdığı genişmiqyaslı itkilər, infrastrukturun dağıdılması və mülki əhalinin təhlükəsizliyə çıxışının məhdudlaşması beynəlxalq ictimaiyyətin təzyiqini daha da gücləndirib. Prosesdə Qətər və Misir kimi regionun nüfuzlu aktorlarının fəal iştirakı diplomatik dinamikanı sürətləndirir. Bu danışıqların uğurla nəticələnməsi yalnız qısamüddətli humanitar fasilə təmin etməklə məhdudlaşmayacaq, həm də Yaxın Şərqdə mövcud güc balansının gələcək konturlarını formalaşdıra bilər.
Siyasi şərhçi qeyd edib ki, hazırda ABŞ-nin Qəzza bölgəsində hərbi əməliyyatların əvvəlki intensivlikdə davam etdirilməsində maraqlı olmadığı müşahidə olunur.