RU

İlahiyyatçı: İmsak və iftar təqvim göstəricisi olmaqla yanaşı, itaətin və mənəvi nizamın da təzahürüdür

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İmsak və iftar vaxtına riayət etmək orucun zahiri qaydası kimi görünə bilər, amma əslində ibadətin intizam tərəfidir. Qurani Kərimdə buyurulur ki, sübhün ağ sapı qara sapdan seçilənə qədər yeyin, için, sonra gecəyə qədər orucu tamamlayın. Bu ayə göstərir ki, oruc yalnız niyyət deyil, zaman ölçüsü ilə bağlı bir itaətdir. İnsan öz istəyinə görə deyil, ilahi ölçüyə görə hərəkət edir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Peyğəmbər iftarı vaxtında etməyi tövsiyə edib və buyurub ki, insanlar iftarı gecikdirmədikcə xeyir üzərində olarlar: “Digər hədisdə imsakın bərəkətli olduğu bildirilir. Bu göstərişlər göstərir ki, vaxtın qorunması ibadətin bir hissəsidir. İbadət yalnız hiss deyil, qaydaya sadiqlikdir.

İmsak anı insanın özünü saxlamasının başlanğıcıdır. Həmin anda insan nəfsinə deyir ki, dayan. İftar anı isə şükür anıdır. Gün boyu səbir edən insan Allahın verdiyi nemətin qədrini daha dərindən hiss edir. Bu iki vaxt arasında insan həm nəzarət etməyi, həm də şükür etməyi öyrənir.

Alimlər qeyd ediblər ki, ibadətdə vaxtın qorunması insanın həyatına da nizam gətirir. Namaz vaxtları kimi oruc vaxtları da insanı ölçülü və intizamlı edir. İbadət vaxtla bağlandıqda məsuliyyət hissi güclənir. Bu baxımdan imsak və iftar sadəcə təqvim göstəricisi deyil, itaətin və mənəvi nizamın təzahürüdür”.

Kimlər oruc tutmaqdan azaddır və bunun dini hikməti nədir?

“Oruc ibadətdir, amma din insanın gücünü aşan yük qoymur. Qurani Kərimdə buyurulur ki, sizdən xəstə və ya səfərdə olan başqa günlərdə tutsun. Bu ayə açıq şəkildə göstərir ki, sağlamlığı təhlükə altında olan və ya səfər çətinliyi yaşayan insan üçün güzəşt var. Hamilə və süd verən qadınlar da əgər özlərinə və ya övladlarına zərər qorxusu varsa, orucu təxirə sala bilərlər. Yaşı çox olan və sağalma ümidi olmayan xəstələr isə fidyə verə bilərlər”-deyən Əkrəm Həsənov qeyd edib ki, bu hökmün arxasında mərhəmət prinsipi dayanır. Quranda buyurulur ki, Allah sizin üçün asanlıq istəyir, çətinlik istəmir. İslam hüququnda qəbul olunmuş əsas prinsiplərdən biri də budur ki, zərər aradan qaldırılmalıdır. Yəni ibadət insanı məhv etməməlidir, əksinə onu qoruyub yüksəltməlidir.

“Klassik alimlər, o cümlədən İbn Rüşd və İmam Şafii qeyd ediblər ki, şəriətin məqsədlərindən biri insanın canını və sağlamlığını qorumaqdır. Oruc ruhu tərbiyə edir, lakin həyatın və sağlamlığın qorunması daha üstün tutulur. Ona görə də din həm ibadəti əmr edir, həm də zərurət halında yol göstərir. Bu güzəştlər göstərir ki, İslam sərtlik üzərində deyil, hikmət və mərhəmət üzərində qurulub. Məqsəd insanı sıxmaq deyil, onu Allahla bağlamaqdır. İbadət insanın gücü daxilində olduqda mənəvi dəyər qazanır”-deyə ilahiyyatçı bildirib.

Ramazandan sonra ibadət və mənəvi dəyişimi necə davam etdirmək olar?

İlahiyyatçının fikrincə, Ramazan bitdikdən sonra əsas sual budur ki, bu ay insanın daxilində nə dəyişdi: “Əgər dəyişiklik yalnız təqvimdə qaldısa, Ramazanın ruhu tam mənimsənilməmiş sayılır. Qurani Kərimdə buyurulur ki, Rəbbinə ölənə qədər ibadət et. Bu ayə göstərir ki, ibadət mövsümi deyil, davamlı olmalıdır.

Peyğəmbər buyurub ki, Allah yanında ən sevimli əməl az da olsa davamlı olan əməldir. Ramazanda qazanılan namaz nizamı, Quran oxuma vərdişi, sədəqə və dilə nəzarət Ramazandan sonra da qorunmalıdır. Böyük və ağır proqram qurmağa ehtiyac yoxdur. Əsas olan davamlılıqdır.

Klassik alimlər deyiblər ki, qəbul olunmuş ibadətin əlaməti ondan sonra edilən yaxşı əməldir. Həzrət Əli bildirirdi ki, yaxşılığın davamı qəbulun nişanəsidir. İnsan Ramazandan sonra da səhər namazına diqqət edirsə, həftədə bir gün oruc tutursa, sədəqəni davam etdirirsə, o ayın təsiri yaşayır.

Ramazan insanın daxilində bir oyanış yaradır. Bu oyanışı qorumaq üçün az da olsa sabit bir proqram lazımdır. Çünki məqsəd bir ay dəyişmək deyil, həyatı dəyişməkdir. Ramazan başlanğıcdır. Davamlılıq isə kamilliyin yoludur”.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)AT

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
54
bizimyol.info

1Источники