RU

Macarıstan soyuq qışdan sonra qaz hesablarına birdəfəlik endirim elan edib

Budapeşt, 19 fevral, AZƏRTAC

Macarıstan hökuməti ev sahiblərinin 2025–2026-cı illərin qış mövsümündə işlətdikləri qaza görə təqdim edilmiş hesablarına 30 faiz birdəfəlik endirimin tətbiq olunduğunu elan edib.

AZƏRTAC xəbər verir ki, qərar əhalinin istilik xərclərini əhəmiyyətli dərəcədə artıran qeyri-adi dərəcədə aşağı temperatur fonunda qəbul edilib.

Yeni dəstək təşəbbüsü barədə Baş nazir Viktor Orbanın kabineti məlumat verib və dövlətin soyuq aylarda enerji istehlakının kəskin artması ilə bağlı ailələrə kömək etməli olduğunu vurğulayıb. Hökumət nümayəndələrinin sözlərinə görə, endirim isitmə üçün təbii qazdan istifadə edən ev təsərrüfatlarının hesablarına avtomatik tətbiq olunacaq.

Macarıstan hakimiyyəti bildirir ki, ötən qış son illərin ən soyuq mövsümlərindən biri olub. Bir sıra regionlarda temperatur mövsümi normadan xeyli aşağı düşüb, bu isə qaz istehlakının artmasına və kommunal ödənişlərin yüksəlməsinə səbəb olub.

Proqram ilk növbədə fərdi evlərin və kiçik yaşayış obyektlərinin sahibləri üçün nəzərdə tutulub. Bu tədbirin yüz minlərlə ailənin maliyyə yükünü azaltmağa imkan verəcəyi gözlənilir. Hökumət, həmçinin bazara təzyiqin qarşısını almaq üçün enerji şirkətlərinin xərclərinin bir hissəsini kompensasiya etməyi planlaşdırır.

Ekspertlər hesab edirlər ki, bu tədbir əhali üçün vəziyyəti müvəqqəti sabitləşdirə bilər, lakin isitmə sistemlərinin modernləşdirilməsi və yaşayış sahələrinin enerji səmərəliliyinin artırılması da daxil olmaqla uzunmüddətli həllərin zəruri olduğunu vurğulayırlar. Hökumət bildirir ki, bu istiqamətdə proqramlar üzərində iş artıq aparılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Избранный
106
1
azertag.az

2Источники