RU

Trampın taktikası: təzyiq və şantaj modeli Səxavət Məmməd yazır

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ ilə İran arasında Cenevrədə baş tutan danışıqlar fonunda hərbi gərginlik səngimək əvəzinə, daha da artmaqdadır. Bu gərginliyin yüksəlməsində İsrailin oynadığı strateji rolu gözardı etmək olmaz. Vaşinqton hər nə qədər prioritetinin Qərb yarımkürəsi olduğunu bəyan etsə də, Yaxın Şərqə əlavə qüvvələr cəmləyir və xüsusilə İranı ram etmək niyyətini gizlətmir. Faktiki olaraq, regionda ABŞ və İsrailin apardığı siyasətə müqavimət göstərən tək güc mərkəzi İran qalmışdı. Bu səbəbdən İrana qarşı kəskin addımların atılması qaçılmaz idi. Hesab edirəm ki, real yanaşma İranın Yaxın Şərqdəki "ayağını kəsmək" və İsrailin qarşısındakı yeganə ciddi maneəni aradan qaldırmaqdan ibarətdir.

Trampın taktikası: təzyiq və şantaj modeli

Donald Tramp həm biznes karyerasında, həm də prezidentlik dövründə eyni davranış modelini nümayiş etdirib: təhdid, təzyiq və şantajlarla "500 faizlik" tələblər qoyur, sonda isə "200 faizlik" nəticə ilə razılaşır. İran istiqamətinə göndərilən ilkin qüvvələr də məhz bu psixoloji təzyiq strategiyasına xidmət edirdi.

2026-cı ilin əvvəlindən etibarən ABŞ-ın regiondakı hərbi mövcudluğu ciddi şəkildə artıb. İlk olaraq USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcı zərbə qrupu yanvarın sonundan etibarən Ərəb dənizi və Hörmüz boğazı yaxınlığında fəaliyyətə başladı. O zaman ABŞ-ın İrana dərhal zərbə endirəcəyi ilə bağlı çoxsaylı iddialar səslənsə də, bu qüvvə ilə genişmiqyaslı hücumun qeyri-mümkün olduğunu düşünürdüm. Çünki belə bir addımın fəsadları ABŞ üçün kifayət qədər ağır ola bilərdi.

12 günlük müharibənin dərsləri və İranın gücü

Bəlkə də 12 günlük İran-İsrail toqquşması olmasaydı, ABŞ elə USS Abraham Lincoln aviadaşıyıcısı ilə zərbələr endirməyə cəhd edərdi. Ona görə cümləni "bəlkə" ilə başladım ki, o da inandırıcı deyil, çünki ABŞ kəşfiyyatının o qədər naşı olduğunu düşünmürəm. Lakin bu toqquşma göstərdi ki, İran ciddiyə alınacaq bir hərbi potensiala sahibdir. 20 ildən artıqdır ki, sırf ballistik raket istehsalı ilə məşğul olan İranın gücü bir çox məsələlərə aydınlıq gətirdi.

Kollektiv müdafiə zərurəti: İsrail kimi HHM sistemlərinə güvənən bir ölkə, İranın zərbələrini dəf etmək üçün İordaniya, ABŞ, Böyük Britaniya və Fransanın köməyinə ehtiyac duydu. Bu, İranın raket və dron gücünün bir ölkənin imkanlarını aşdığını sübut etdi.

İranın zəif nöqtələri: Digər tərəfdən, toqquşma İranın daxili təhlükəsizliyindəki boşluqları – Mossad və MKİ-nin ölkə daxilindəki fabriklərə qədər uzanan şəbəkəsini üzə çıxardı.

Hava boşluğu: İranın müasir döyüş təyyarələrinin və effektiv HHM sistemlərinin çatışmazlığı aşkar oldu; 12 gün ərzində səmada bir dəfə də olsun "it dalaşı" (dogfight) müşahidə edilmədi.

Maraqlı fakt: Toqquşmanın ən ağır nəticələrindən biri arsenalın boşalması oldu. ABŞ-ın istifadə etdiyi THAAD anti-ballistik raketlərinin yerini yalnız 2027-ci ildə doldura biləcəyi bildirilir.

Yeni qüvvələr və dəyişən balans

Abraham Lincolnun regiona gəlişindən sonra ABŞ şərtlərini açıqladı. Bu şərtlər arasında uranın zənginləşdirilməsinin, ballistik raketlərin istehsalının dayandırılması, orta və uzaq mənzilli raketlərin silahlandırmadan çıxarılması və İranın tamamilə Yaxın Şərqdən əlini çəkməsi var. İran hazırkı ABŞ-nin qüvvələrini nəzərə alaraq müqavimət göstərə biləcəyinin fərqindədir. Ona görə də, İran da şərtlərə qarşı şərtlər irəli sürür. İran sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirlməsi məsələsinin müzakirəyə açıq oldğunu bildirir. Ballistik raketlərin müzakirə mövzusu olmayacağını bəyan edir. Düşünürəm ki, İran Yaxın Şərqlə bağlı müəyyən güzəştlərə gedə bilər, hətta deyərdim, buna məcburdur. İranın ballistik raketlərlə bağlı mövqeyi məntiqlidir, realığı özündə ehtiva edir. Əslində bu tələb özü gülməlidir. Necə yəni, sənin raketin olmasın, mənim olsun, istədiyim vaxt gəlib, səni təpə-qapaz edim?

Donald Trampın gözləmədiyi bu qətiyyət ABŞ-i daha böyük qüvvələri regiona cəlb etməyə vadar etdi:

USS Gerald R. Ford (CVN-78): Dünyanın ən böyük aviadaşıyıcısı bir həftə ərzində regiona çatacaq.

USS George H.W. Bush (CVN-77): Bu gəminin də göndərilməsi hazırda gündəmdədir.

Nəticə: Müharibə, yoxsa şərtlərin qəbulu?

ABŞ bu gəmiləri regiona göndərəndən sonra güc balansı xeyli dəyişəcək. Sual yaranır, bu gücdən sonra toqquşma riski artır? Əgər təkcə Abraham Lincolnla ABŞ-nin hücum etməyəcəyini düşünürdümsə, bu gücdən sonra müdaxilə imkanı daha real görünür, toqquşma riskini xeyli artırır. Ancaq İranın ərazisinin böyüklüyü, Rusiyadan alınan S-300, Miq-29, Su-35 və Çindən sifariş edilən J-10 qırıcıları, həmçinin radioelektron mübarizə vasitələri müharibənin qısa sürməyəcəyindən xəbər verir. Uzunmüddətli müharibə isə asanlıqla nəzarətdən çıxa bilər. Bu ssenaridə Rusiyanın "pusquda duraraq" gərginliyi daha da alovlandırmaq üçün əlindən gələni edəcəyi şübhəsizdir.

ABŞ-ın İran ətrafındakı manevrləri Azərbaycanın antiterror əməliyyatından əvvəlki və ya Rusiyanın Ukrayna müharibəsindən öncəki qüvvə yığımına bənzəyir: Ya şərtlər qəbul ediləcək, ya da hərbi maşın işə düşəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
adalet.az

1Источники