RU

"Sülhə qarşı çıxan tərəf Amerikanın təzyiqi ilə üzləşəcək" - Politoloq

"Rusiya-Ukrayna və ABŞ arasında aparılan danışıqlardan çıxacaq ən optimal nəticə, fikrimcə, bu prosesin davam etdirilməsi ilə bağlı razılaşma ola bilər. Çünki bu danışıqlarda yekun həll məsələsi və ya ciddi irəliləyiş ehtimalı zəifdir. Bu səbəbsiz deyil: Amerikanın təşəbbüsü ilə aparılan danışıqlarda artıq bütün mövqelər və məsələlər əsasən aydınlaşıb. Əvvəl 28 maddədən ibarət plan gündəmdə idi, sonra bu plan 20 bəndə endirildi və Amerika ilə Ukrayna arasında planın böyük hissəsi razılaşdırıldı. Rusiya da bu məsələyə müəyyən qədər loyal yanaşırdı və onun mövqeləri nəzərə alınırdı. Amma bütün tərəflərin uzlaşmadığı əsas prinsipial məsələ ərazilərlə bağlıdır və bu hələ həll olunmayıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi.

"Rusiyanın öz tələbləri var, Ukraynanın isə öz yanaşması. Rusiya tələb edir ki, Ukrayna ordusu Donbasda nəzarət etdiyi ərazilərdən çıxsın və həmin ərazilər Rusiyaya təhvil verilsin. Ukrayna bunu qəbul etmir. Amerika isə ortaq məxrəc tapmaq üçün həmin ərazilərdə azad iqtisadi zonanın yaradılması təklifini irəli sürüb. Yəni Ukrayna ordusu ərazilərdən çıxır, amma Rusiyaya verilmir. Əvəzində azad iqtisadi zona yaradılır. Bu məsələ isə hələ açıq olaraq qalır. Ukrayna üçün ən önəmli məsələlərdən biri də təhlükəsizlik zəmanətidir. Planda göstərilir ki, Amerika Ukraynaya təhlükəsizlik zəmanəti verəcək, amma detallar bilinmir: necə, hansı formada və hansı mexanizm ilə təmin olunacağı aydın deyil. Rusiya üçün isə ərazilərlə bağlı məsələdən başqa, Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsi də prinsipialdır və bunu qəbul etmir. Beləliklə, tərəflər arasında ziddiyyətli məqamlar var və ən önəmlisi ərazilərlə bağlı məsələdir. Bu isə danışıqların qısa müddətdə yekun nəticə ilə bitməsinin ehtimalını zəiflədir", - deyə siyasi şərhçi qeyd etdi.

qaynarinfo.az

Müsahibimizin fikrincə, Cenevrə danışıqlarında yekun sülh razılaşmasının əldə olunacağı ehtimalı azdır:

"Danışıqlardan əvvəl Zelenskinin bəzi açıqlamaları göstərir ki, tərəflərin mövqeləri bir-birinə yaxın deyil. Zelenski açıq şəkildə bildirir ki, Amerika yay ayına qədər müharibənin dayandırılması və razılaşmanın əldə olunması üçün Ukraynaya təzyiq edir. Bu isə göstərir ki, Ukrayna müqavimət göstərir və tərəflərin mövqeləri uzlaşmaqdan uzaqdır. Buna görə hesab edirəm ki, Cenevrə danışıqlarından çıxa biləcək ən optimal nəticə prosesin davam etdirilməsi olacaq. Hər iki tərəf – həm Rusiya, həm Ukrayna – hətta nəticə əldə olunmasa belə, bu diplomatik prosesi davam etdirməkdə maraqlıdır. Amerika bu prosesin davam etməsini istəyir və hər hansı tərəf imtina edərsə, sülhə qarşı çıxan tərəf kimi qəbul olunacaq və Amerikanın təzyiqi ilə üzləşəcək. Beləliklə, tərəflər həm cəbhədə döyüşməklə, həm də danışıqlar masasında prosesi davam etdirirlər".

Xədicə BAXIŞLI

Избранный
35
1
redaktor.az

2Источники