RU

"Məktəbdə psixoloq inkişafı yönləndirən mütəxəssisdir" - PSİXOLOQ DANIŞDI

"Əsas məktəblərdə psixoloq və sosial pedaqoqların rolunun yetərli olub-olmaması təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müzakirə olunan məsələlərdəndir. Bu mövzuya obyektiv yanaşmaq vacibdir. Uşağın inkişaf mərhələlərinə inkişaf psixologiyası baxımından nəzər salsaq, psixoloq və sosial pedaqoqların rolunun nə qədər əhəmiyyətli olduğu aydın şəkildə görünür. Məktəb yalnız dərs keçirilən və akademik bilik verilən məkan deyil. O, eyni zamanda uşağın emosional, sosial və davranış baxımından formalaşdığı mühüm inkişaf mühitidir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, psixologiya və pedaqogika prizmasından yanaşdıqda, uşağın inkişaf dövrlərində baş verən əsas dəyişiklikləri izləyən və istiqamətləndirən mütəxəssislər məhz məktəb psixoloqları və sosial pedaqoqlardır: "Onların ən vacib funksiyalarından biri problemləri vaxtında aşkar etməkdir. Bu problemlər məktəbə adaptasiya mərhələsindən başlayaraq aqressiya, diqqət çatışmazlığı, sosial uyğunlaşma çətinlikləri, təhsil fobiyası, müxtəlif qorxular və digər daxili psixoloji çətinliklərə qədər uzana bilər.

Hazırda Azərbaycanda risk qrupuna daxil olan uşaqlarla bağlı psixoloji və pedaqoji problemlərin müəyyənləşdirilməsi üçün ailə-məktəb-uşaq əməkdaşlığının gücləndirilməsi vacibdir. Bu istiqamətdə məktəb psixoloqları və sosial pedaqoqlar müəyyən işlər görürlər. Lakin əsas məqam ondan ibarətdir ki, onların işi yalnız problem baş verdikdən sonra müdaxilə etmək deyil, eyni zamanda problemlərin qarşısını əvvəlcədən almaqdır. Əgər uşaqda davranış pozuntusu müşahidə edilirsə, həmin uşaq mütəmadi olaraq izlənilməli, risk faktorları vaxtında müəyyən edilməlidir. Zorakılıq halları baş verməmişdən, digər uşaqlara psixoloji travma və ya sosial çətinlik yaratmamışdan əvvəl müdaxilə olunmalıdır. Profilaktik yanaşma bu sahədə əsas prinsip hesab edilməlidir.

Azərbaycanda məktəb psixoloqları və sosial pedaqoqların rolunun yetərli hesab olunmamasının əsas səbəblərindən biri mütəxəssis çatışmazlığıdır. Bir məktəbdə 400-500 şagird təhsil alırsa və cəmi bir psixoloq fəaliyyət göstərirsə, bu, həm iş yükünün həddindən artıq artmasına, həm də xidmətin keyfiyyətinin azalmasına səbəb olur. Bir mütəxəssisin bu qədər şagirdlə fərdi və sistemli şəkildə işləməsi faktiki olaraq mümkün deyil. Bu isə uşaqların vaxtında dəstək almamasına, eyni zamanda psixoloqun özünün peşəkar tükənmə sindromu ilə üzləşməsinə gətirib çıxara bilər. Nəticə etibarilə, məktəblərdə psixoloji və sosial-pedaqoji xidmətlərin gücləndirilməsi, mütəxəssis sayının artırılması və profilaktik işlərin sistemli şəkildə qurulması zəruridir. Sağlam psixoloji mühit olmadan keyfiyyətli təhsildən danışmaq çətindir. Burada əsas məsələlərdən biri hər bir şagirdə fərdi yanaşmanın təmin edilməsidir. Praktik baxımdan bir məktəb psixoloqunun eyni anda çoxsaylı şagirdlərlə eyni səviyyədə və keyfiyyətlə işləməsi qeyri-mümkün hesab olunur. Dünya statistikasına görə, bir məktəb psixoloqunun orta hesabla 250-300 şagirdlə işləməsi normal qəbul edilir. Lakin reallıqda bu rəqəm bir çox hallarda daha yüksək olur.

Təəssüf ki, məktəb psixoloqlarının rolu bəzən düzgün anlaşılmır. Onlar sənədləşmə işlərinə və müxtəlif tədbirlərə cəlb olunur, yaxud yalnız problem yarandıqda çağırılan şəxs kimi qəbul edilirlər. Şagirdlərin təsəvvüründə psixoloq bəzən yalnız ciddi problem və ya konflikt zamanı müraciət edilən, sanki “təcili yardım otağı” funksiyasını daşıyan biri kimi formalaşır. Halbuki psixoloqun əsas funksiyası məktəbdə intizamı qorumaq deyil. O, inkişaf mütəxəssisidir və uşağın emosional, sosial və davranış inkişafını izləmək və dəstəkləmək məsuliyyətini daşıyır.

Bəzi hallarda valideynlər övladlarını məktəbdən kənar fərdi psixoloqa aparmalı olurlar. Bu, adətən məktəb psixoloqunun vaxt və resurs məhdudiyyəti səbəbindən uşağa yetərli fərdi diqqət ayıra bilməməsi ilə bağlı olur. Praktikada tez-tez müşahidə olunur ki, valideynlər mütəxəssisə müraciət etdikdə problem artıq müəyyən qədər dərinləşmiş olur. Bunun səbəbi ya məktəb psixoloqunun şagirdlə sistemli işləməyə vaxt tapmaması, ya da valideynin ilkin mərhələdə problemi tam qəbul etməməsidir.

Sinif mühitində zaman-zaman konfliktlər, dərsdən yayınmalar və davranış pozuntuları müşahidə oluna bilər. Lakin fərdi psixoloji iş aparıldıqda daha sistemli yanaşma tətbiq edilir. Bu zaman sinif daxilində müşahidələr aparılır, müəllimlərlə müzakirələr keçirilir, sosial bacarıqların inkişafı üzrə məşğələlər təşkil olunur, fərdi seanslarda davranış modelləri üzərində işlənilir, emosional vəziyyətin qiymətləndirilməsi üçün diaqnostik testlərdən istifadə edilir və uşağın duyğu sferasının tarazlaşdırılması məqsədilə mərhələli proqram tətbiq olunur. Belə kompleks yanaşma uşağın emosional dalğalanmalarının azalmasına, özünüifadə bacarığının güclənməsinə və sosial uyğunlaşmasının yaxşılaşmasına kömək edir. Nəticə etibarilə, məktəb psixoloqunun rolu “problem həll edən” deyil, “inkişafı yönləndirən və profilaktika aparan” mütəxəssis kimi formalaşdırılmalıdır. Bunun üçün həm mütəxəssis sayının artırılması, həm də psixoloji xidmətin məktəb sistemində daha düzgün mövqeləndirilməsi vacibdir.

Sosial pedaqoqun rolu məktəb psixoloqundan müəyyən mənada fərqlənir. Psixoloq daha çox uşağın daxili emosional vəziyyəti və fərdi inkişafı ilə işlədiyi halda, sosial pedaqoq həm uşaqla, həm də ailə ilə paralel şəkildə işləməlidir. Xüsusilə risk qrupuna daxil olan ailələrlə iş sosial pedaqoqun əsas fəaliyyət istiqamətlərindən biridir. Lakin bu proses praktikada olduqca çətin həyata keçirilir. Çünki bəzi valideynlər uşaqlarının problemlərini qəbul etmir, məsuliyyəti məktəbin üzərinə qoyur və ya ümumiyyətlə əməkdaşlığa açıq olmurlar. Bəzən valideynlərin öz davranışları uşağın məktəbdən yayınmasına və sosial uyğunlaşma problemlərinin dərinləşməsinə səbəb olur. Nəticədə problem təkcə məktəb mühitində deyil, ailə mühitində də möhkəmlənir və daha mürəkkəb xarakter alır.

Belə hallarda valideynlər övladlarını yalnız məktəbin təkidi ilə psixoloqa aparırlar. Lakin valideyn dəstəyi və ailədaxili dəyişiklik olmadığı üçün psixoloqun işi effektiv nəticə vermir. Bu isə zamanla cəmiyyətdə fərdi psixoloji xidmətə qarşı inamsızlıq yaradır. Halbuki məsələ psixoloqun bacarığında deyil, sistemli əməkdaşlığın qurulmamasındadır.
Məktəbdə psixoloq və sosial pedaqoqun fəaliyyətinin effektiv olması üçün üçtərəfli əməkdaşlıq modeli qurulmalıdır. Bu model uşaq, valideyn və məktəb mütəxəssisi arasında sağlam və davamlı əlaqəyə əsaslanmalıdır. Təhsil prosesi yalnız müəllim və şagird münasibəti deyil, valideyn-məktəb-uşaq üçbucağı üzərində qurulan kompleks sistemdir. Bu tərəflərdən biri prosesə aktiv qoşulmadıqda nəticə zəifləyir. Psixoloji və sosial-pedaqoji xidmətlərin effektivliyi yalnız mütəxəssisin fəaliyyəti ilə deyil, valideynin məsuliyyətli mövqeyi və məktəbin sistemli yanaşması ilə mümkündür. Əks halda problem yalnız müvəqqəti olaraq idarə olunur, lakin köklü şəkildə həll edilmir.

Problemin aradan qalxması üçün valideynlərlə sistemli iş aparılmalıdır. Psixoloqun fəaliyyəti yalnız məktəb mühitində dəyərləndirmə aparmaq, metodoloji təlimat vermək və ya müəyyən bacarıqlar formalaşdırmaqla məhdudlaşmamalıdır. Bu proses ailədə valideyn, dərs mühitində isə müəllim tərəfindən dəstəklənməlidir. Əks halda lazımi dəstək göstərilmədikdə müdaxilə proseslərinin effektivliyi zəifləyir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş məktəb sistemlərində psixoloq təhsil prosesini davamlı şəkildə izləyir, uşaqların fərdi analizini aparır və hər bir şagird üzrə ayrıca dəyərləndirmə həyata keçirir. Bu zaman uşağın emosional bacarıqları, sosial adaptasiya səviyyəsi və davranış reaksiyaları diqqətlə müşahidə olunur. Müəllimlər də psixoloji əsaslı təlimlərə cəlb edilirlər, çünki erkən müdaxilə proqramlarını bilmələri vacibdir. Uşaqda hər hansı davranış dəyişikliyi və ya riskli reaksiya müşahidə edildikdə valideyn və psixoloq dərhal məlumatlandırılır. Məqsəd problemin dərinləşməsinin, travmatik mərhələyə keçməsinin və ya ciddi pozuntuya çevrilməsinin qarşısını almaqdır.

Nəticə olaraq demək olar ki, mövcud sistemdə psixoloq və sosial pedaqoqların rolu yetərli səviyyədə qiymətləndirilmir. Onlar say baxımından azdır və daha çox problem yönümlü, yəni hadisə baş verdikdən sonra müdaxilə mexanizmi ilə işləməyə məcbur qalırlar. Halbuki potensial olaraq güclü mütəxəssislər olsalar da, sistemin məhdudiyyətləri səbəbindən imkanlarının yalnız bir hissəsini reallaşdıra bilirlər. Məktəb mühitində bu potensialın tam üzə çıxması üçün daha strukturlaşdırılmış və koordinasiyalı mexanizmə ehtiyac vardır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
29
1
sia.az

2Источники