RU

“Azərbaycanın dünya badmintonunda deyəcək sözü var” - Morteza Validarvinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

2026-cı il Azərbaycan badmintonu üçün əlamətdar hadisə ilə başladı. Ölkəmiz badminton üzrə 33 ölkədən 347 idmançının iştirak etdiyi “Azerbaijan International 2026” beynəlxalq turnirinə ev sahibliyi etdi. Yarışlar azərbaycanlı atletlərə, xüsusilə də ən gənc iştirakçılara əvəzolunmaz təcrübə qazandırdı.

Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi İdman.Biz-ə müsahibəsində ölkədə bu idman növünün inkişafından və Azərbaycanın öz badmintonçularını Olimpiya Oyunlarına göndərməyə nə dərəcədə yaxın olmasından danışıb.

- “Azerbaijan International 2026” azərbaycanlı idmançılar üçün necə keçdi?

- Bu turnir çox gənc azərbaycanlı badmintonçuların inkişafı üçün platforma oldu. “Azerbaijan International 2026”da iştirak etmək üçün Hindistandan təxminən 80, BƏƏ-dən isə 30-35 idmançı bizə gəlmişdi. Onlar çoxlu sayda atletə xaricə çıxıb burada çıxış etmək imkanı yaratdılar.

Biz düşündük ki, ev sahibi ölkə olaraq bu imkandan maksimum istifadə etməliyik və böyüklərlə yanaşı, 12-15 yaş arası təxminən 20 gənc idmançını da dəvət etdik. Bu yaş qrupundan olan atletləri hər zaman xaricə göndərə bilmirik - təhsil, ailə və digər səbəblərə görə. Ona görə də onlara evdə beynəlxalq təcrübə qazanmaq imkanı verdik və hazırlıq səviyyələrini qiymətləndirdik.

“Azerbaijan International 2026”da bir sıra təcrübəli xarici idmançılar - Tokio və Paris Olimpiya Oyunlarının iştirakçıları, Avropa çempionları çıxış etdilər. Bu, Azərbaycanda keçirilən yarışların beynəlxalq arenada yüksək qiymətləndirildiyini göstərir və idmançılar məmnuniyyətlə buraya gəlirlər. Uşaqlarımız onlarla eyni meydançada olmaqla böyük təcrübə qazandılar.

- Azərbaycanda uşaqlar və yeniyetmələr arasında badmintonun populyarlığı necə dəyişib?

- 10-15 il əvvəlki vəziyyətlə müqayisədə çox şey dəyişib. Bu gün Azərbaycanın dünya badmintonunda deyəcək sözü var, biz beynəlxalq ictimaiyyətin etimadını qazanmışıq. Bu, dövlətin idmana münasibətini - cənab Prezidentin baxışını, İdman Nazirliyinin, Olimpiya Komitəsinin və federasiyanın fəaliyyətini də əks etdirir. Bizə həm millətin sağlamlığı, həm də böyük idman üçün gəncləri inkişaf etdirmək imkanı yaradılır.

Millidə badmintonçuların sayı tədricən artıb – həm gənclər, həm də elit səviyyədə. Azərbaycan idmançılarının Olimpiya Oyunlarında iştirakı da uşaqların bu idman növünə marağına təsir göstərib. Valideynlər badmintonun olimpiya idman növü olduğunu öyrənəndə, övladları üçün onu seçməyə başlayırlar.

Federasiyanın hazırladığı strateji plan da böyük rol oynayıb. Bu plan ölkə üzrə mərhələli inkişafı və idmanın populyarlaşdırılmasını nəzərdə tutur. Hələ badmintonun hər məktəbdə və hər bölgədə olması səviyyəsinə çatmamışıq, lakin iş gedir. Müəllimlər hazırlayır, məktəbləri inventarla təmin edirik. 2032-ci ilə – Avstraliyada keçiriləcək 2032-ci il Olimpiadasına qədər istedadların aşkarlanması və inkişafına fokuslanmışıq.

- Ölkənin hansı bölgələrində badminton daha çox inkişaf edib?

- Gəncədən çoxlu çempionlarımız var, oradan bəzi idmançıları iki il müddətinə Malayziyaya göndərmişik. Qusardan üç qız idmançı isə İndoneziyada hazırlıq keçib. Zamanla ölkənin bütün bölgələrini əhatə etmək istəyirik.

- Mentaliteti nəzərə alaraq, xüsusilə qız idmançıların xaricə göndərilməsi zamanı valideynlərlə çətinliklər olurmu?

- Azərbaycan idmanında nəzarət və prosesin şəffaflığı çox düzgün qurulub. Buna görə ailələr övladlarını etibarla badmintona gətirirlər. Valideynlər bilirlər ki, məşqçilərimiz şagirdlərə öz övladları kimi yanaşırlar. Bu baxımdan heç bir problem yoxdur. Üstəlik, ilk günlərdən valideynləri dəvət edir, onlarla söhbət edir, hər şeyi ətraflı izah edirik. Onlar da bizə anlayışla yanaşır və fəal əməkdaşlıq edirlər, buna görə minnətdaram.

- Hazırda federasiyanın idmançıların naturalizasiyası ilə bağlı mövqeyi necədir?

- Azərbaycan ilk dəfə 2017-ci ildə xarici badmintonçuları cəlb etmişdi. Bundan sonra Azərbaycan badmintonu ayağa qalxdı. Gənc azərbaycanlı idmançıları xaricdə hazırlığa göndərdik. Buna görə də naturalizasiya planlarımızda yoxdur, tamamilə öz uşaqlarımıza fokuslanmışıq. Amma xarici məşqçilərlə əməkdaşlıq davam edir.

- Ümumiyyətlə, badmintonla hansı yaşdan məşğul olmaq mümkündür?

- Qızlar 6 yaşdan, oğlanlar isə 7 yaşdan badmintona başlaya bilərlər. İstisnalar da var: Cənub-Şərqi Asiya ölkələrində bəziləri 5-6 yaşdan məşğul olur. Millimiz 13 nömrəli məktəbdə bazalaşıb. Orada uşaqları hər zaman gözləyirlər, məşqlər pulsuz keçirilir.

- Badmintona məşğul olmağa gec başlasaq nə olar?

- Belə insanlar həvəskar ola bilərlər. Amma məqsəd bu idmanda qalmaqdırsa, ali təhsil ala və biz onların hakim, məşqçi və ya idman meneceri kimi hazırlanmasına kömək edə bilərik.

Hakimlərin inkişafı çox vacibdir. Mən həmişə vurğulayıram: əgər bir idmançı Olimpiadaya çıxırsa, orada “Azərbaycan idmançısı” deyirlər. Eyni şəkildə, hakim beynəlxalq səviyyədə çalışırsa, o da ölkəni tanıdır. Bu, Azərbaycan idmanının, xüsusilə badmintonun böyük və hələ tam reallaşmamış potensialıdır.

Azərbaycanlı məşqçiləri də qeyd etmək istəyirəm: onlar savadlı, intizamlıdırlar və ədalətli oyun prinsiplərinə sadiqdirlər. Amma hazırda malik olduğumuz mütəxəssislərin sayı gələcək inkişaf üçün yetərli deyil. Əgər 100 yox, 1000 uşağı əhatə etmək istəyiriksə, qat-qat çox məşqçi hazırlamalıyıq. Bu isə xaricə göndərişlər, proqramların hazırlanması və digər addımlar tələb edir. Tədricən bu istiqamətdə irəliləyirik.

- Bəs idmançılarımızın olimpiya potensialı barədə nə deyə bilərsiniz?

- Avropalılar illərlə bunun üzərində çalışırlar, amma medalları əsasən Asiya təmsilçiləri – Çin, İndoneziya, Malayziya, Sinqapur, Tailand qazanır. Mən demirəm ki, bu, mümkün deyil. Zaman və sistemli iş lazımdır – idmançıları Çin, İndoneziya, Malayziyaya göndərməliyik. Onların sistemini bizim baxışımızla birləşdirməliyik. Artıq görürük ki, avropalı idmançılar Çində finala çıxırlar, amma yalnız kişilər arasında, qadınlarda yox.

Bizim istedadlı atletlərimiz var, məsələn, Ülvi Hüseynov və parabadmintonçu İbrahim Əliyev. İllik plana əsasən, mart ayından etibarən oyunçularımızı ayda minimum iki yarışa göndərməyi planlaşdırırıq. Qarşıda dünya çempionatı da var və orada kvota qazanmaq istəyirik.

İdman.Biz
Избранный
17
idman.biz

1Источники