Birinci Qarabağ müharibəsinin itkin-şəhidi hərbçi Mahir Abuzər oğlu Quliyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.
Redaktor.az xəbər verir ki, şəhidin ailəsinin yaşadığı evdə keçirilən vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər iştirak ediblər. Çıxış edənlər şəhidin Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onun xatirəsinin daim əziz tutulacaqlarını bildiriblər.
Dəfn mərasimi yaylım atəşi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə müşayiət olunub. Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin ailəsinə təqdim edilib.
Qeyd edək ki, 1958-ci il təvəllüdlü Mahir Quliyev 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları aparılmış ekspertiza və eyniləşdirmə tədbirlərindən sonra müəyyən edilərək ailəsinə təhvil verilib (apa).










