RU

Hərbi xidmətdə əlil olan şəxs sığorta ödənişi tələb edir, sığorta şirkəti isə...

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hərbi xidmət dövründə səhhətində yaranmış problemlərlə əlaqədar əlil olan Nazim Əliyev buna görə sığorta ödənişi tələb edir. O, bununla əlaqədar məhkəməyə müraciət edib.

Bizimyol.info xəbər verir ki, Nazim Əliyev ləğv prosesində olan Dövlət Sığorta Kommersı̇ya Şı̇rkətinə qarşı iddia qaldırıb. O, 6600 manat birdəfəlik sığorta ödənişi tələb edir.

Nazim Əlı̇yev 1992-ci ildə hərbi xidmətə çağırılıb. Xidmət dövründə səhhətində yaranan xəstəliklərlə əlaqədar ona II qrup əlillik təyin olunub. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyində də göstərilib ki, həmin xəstəliklər hərbi xidmət dövründə alınıb. Məhz bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə 2017-ci ildə ona İİ qrup əlillik təyin olunub və əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” göstərilib.

Nazim Əliyev məhkəməyə iddia ərizəsində qeyd edib ki, Prezidentinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli fərmanı ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tətbiqi barədə əsasnaməyə əsasən, II qrup əlillik müəyyən edildikdə sığorta məbləği 6600 manatdır. O, əlavə edib ki, işsizdir, maddi imkanı məhduddur və qanunla ona məxsus sığorta pulu ödənilməsi həyati zərurətdir.

Cavabdeh qismində tanınan Dövlət Sığorta Kommersı̇ya Şı̇rkətinin nümayəndəsi Nazim Əliyevin iddiasına etiraz təqdim edib. Etirazda göstərilib o, 2000-ci ildə təxris olunub, lakin əlilliyi 2017-ci ildə müəyyən edilib. Bu səbəbdən Nazim Əliyevin əlilliyi sığorta hadisəsi hesab edilmir: “Bundan başqa, Nazim Əliyevin təqdim etdiyi sənədlərdən görünür ki, onun xəstəliyi 1995-ci ildə müəyyən edilib. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 1997-ci il tarixli qanuna uyğun olaraq, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasının həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə şirkət arasında sığorta müqavilələri bağlanıb. Həmin müqavilələrə əsasən, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası həyata keçirilib. Bu səbəbdən iddiaçıya sığorta ödənişinin şirkət tərəfindən verilməsi qeyri-mümkündür”.

Nazim Əliyev sığorta şirkətinin arqumentləri ilə razılaşmır. O, bildirir ki, əsas olan xəsarət və ya xəstəliyin həqiqi hərbi xidmət dövründə yaranmasıdır: “Əlilliyin müəyyən edilməsinin gec baş verməsi sığorta hadisəsini istisna etmir”.

Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 2017-ci ildə verdiyi qərarda göstərilib ki, Nazim Əliyev bakı şəhəri, Nizami Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmət keçərkən aldığı və 1995-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında ambulator müayinə və müalicə olunduğu xəstəlik – diaqnoz: “Neyrosirkulyator distoniya kardial tip” xəstəlikdir, hərbi xidmət dövründə alındığı müəyyən edilib.

Məhkəmə Nazim Əliyevin sığorta tələbi ilə bağlı iddiasını təmin etməyib.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
bizimyol.info

1Источники