RU

Rusiya Mehdiyev və Vardanyana görə hücuma başladı Məşhur azərbaycanlı ailə hədəf alınacaq

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Son həftələr sosial media məkanında Azərbaycana, xüsusilə də Prezidentə və onun ailə üzvlərinə qarşı başladılan koordinasiyalı çirkli kampaniya diqqət çəkir. Bu prosesin izlərinin birbaşa Moskvaya gedib çıxadığına dair məlumatlar yayılır.

Məsələ Rusiyanın Azərbaycana qarşı genişləndirdiyi hibrid müharibənin yeni mərhələsi kimi dəyərləndirilir.

Globalinfo.az-a danışan politoloq Elçin Aloğlu deyib ki, proses çərçivəsibdə Rusiyada yaşayan məşhur azərbaycanlı ailənin prosesə cəlb edilməsi planlaşdırılır:

“Belə bir kampaniyanın başladılması təsadüfi emosional çıxışların toplamı deyil. Bu, sistemli, planlı və mərkəzdən idarə olunan informasiya təxribatıdır, izlər birbaşa Kremlə gedib çıxır. Əgər əvvəlki mərhələdə əsas alət kiber hücumlar idisə, indi informasiya terroru ön plana çəkilib. Dövlət qurumlarına, media resurslarına, infrastruktur sistemlərinə qarşı genişmiqyaslı kiber zərbələr endirildi. Bu hücumların texniki arxitekturası, istifadə olunan server zəncirləri və koordinasiya mərkəzləri barədə Azərbaycan tərəfdə kifayət qədər məlumat var. İndi isə taktika dəyişib: hədəf cəmiyyətin psixoloji dayanıqlığıdır.

Hazırkı mərhələdə önə atılan fiqurlar Mehman və Emin Hüseynov qardaşları kimi siyasi klounlardır. Onların sosial şəbəkələrdə səsləndirdiyi ittihamlar nə faktoloji baza, nə hüquqi əsas, nə də ictimai legitimlik baxımından ciddi qəbul edilə bilər. Lakin burada məsələ onların kimliyi deyil, istifadə olunma mexanizmidir.

Bu klounlardan gözlənilən effekt alınmadığı üçün növbəti mərhələdə Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə cəlb olunması planlaşdırılır.

Bu ailəyə müxtəlif təsir mexanizmləri tətbiq olunub və informasiya kampaniyasına qoşulmaq üçün təzyiq elementləri istisna deyil”.

Politoloq Moskvanı bu çirkin kampaniyaya vadar edən səbələrdən danışıb:

“Birincisi, məsələ Azərbaycanın müstəqil siyasət kursudur.

Bakı artıq kənardan idarə olunan periferik aktor deyil. Azərbaycan regional balansın obyekti yox, subyekti kimi çıxış edir. Enerji təhlükəsizliyi xəritəsində Cənub Qaz Dəhlizi, Avropaya qaz ixracının artımı, Orta Dəhlizin real alternativ marşrut kimi formalaşması, Xəzər üzərindən logistika zəncirinin gücləndirilməsi – bunlar sadəcə iqtisadi layihə deyil, geosiyasi güc rıçaqlarıdır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də təhlükəsizlik müstəvisində müstəqil qərar verən ölkəyə çevrilib. Moskva üçün əsas problem də budur: Bakı artıq razılaşdırılmış çərçivə daxilində hərəkət etmir, öz oyununu qurur və bu oyunda qalib mövqedədir.

İkincisi, iki əsr boyunca qurulan və saxlanılan “erməni problemi” mexanizminin sıradan çıxmasıdır.

Çar Rusiyasından başlayaraq imperiya siyasətinin əsas alətlərindən biri bölgədə süni balans və idarə olunan münaqişə yaratmaq idi. Qarabağ məsələsi Moskva üçün təsir vasitəsi idi. Bu kart vasitəsilə region dövlətləri üzərində təzyiq saxlanılırdı.

Lakin Qarabağ məsələsinin qəti həlli bu mexanizmi dağıtdı. Rusiya sülhməramlı kontingentinin gözləntiləri doğrulmadı, Ruben Vardanyan layihəsi iflasa uğradı, separatçı struktur ləğv olundu. Bu, Moskva üçün taktiki yox, strateji itki idi. Çünki Cənubi Qafqazda ən güclü təsir aləti əldən çıxdı.

Üçüncüsü, Azərbaycanın Qərblə, xüsusilə də ABŞ-la münasibətlərində yeni dinamika formalaşıb. Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında qurulan birbaşa siyasi dialoq təsadüfi diplomatik jest deyil, strateji xəttdir.

Elçin Alıoğlu

TRIPP layihəsi (Zəngəzur dəhlizi-red.) çərçivəsində əməkdaşlıq, yüksək səviyyəli qarşılıqlı səfərlər, ABŞ-ın vitse-prezidentinin Bakıya gəlişi, imzalanan xartiya sənədləri göstərir ki, Azərbaycan Vaşinqton üçün artıq alternativsiz tərəfdaşlardan biridir. Enerji təhlükəsizliyi, Orta Asiya ilə əlaqə, regionda sabitlik – bütün bunlarda Bakı açar rol oynayır. Kreml isə bunu öz təsir zonasının daralması kimi qəbul edir. Çünki Cənubi Qafqazda ABŞ ilə dərinləşən əməkdaşlıq Moskvanın geosiyasi balansını pozur.

Dördüncüsü, ölkə daxilində beşinci kolonun ifşası və uzun illər sistem daxilində paralel təsir mexanizmi yaratmış fiqurların zərərsizləşdirilməsidir. Ramiz Mehdiyev kimi şəxslərin təsir imkanlarının sıradan çıxarılması təkcə kadr dəyişikliyi deyildi. Bu, illərlə formalaşdırılmış qeyri-rəsmi təsir kanallarının bağlanması demək idi. Moskva üçün ən rahat model daxildə dayaqları olan ölkədir. Həmin dayaqlar zəiflədikcə, xaricdən təzyiq mexanizmləri işə salınır. İnformasiya kampaniyalarının intensivləşməsi də məhz bu mərhələyə təsadüf edir.

Beşincisi, AZAL hadisəsi zamanı Prezidentin nümayiş etdirdiyi prinsipial mövqedir. Bakı açıq şəkildə göstərdi ki, istənilən təzyiq qarşısında geri addım atmayacaq. Diplomatik manevr imkanları saxlanılsa da, dövlət maraqları qırmızı xətt kimi qorunur. Bu, Moskvaya verilmiş açıq mesaj idi: Azərbaycan artıq şərtləri qəbul edən tərəf deyil, şərt qoyan tərəfdir.

Bütün bu faktorlar birlikdə Kremlin narahatlığını izah edir. Müstəqil siyasət, Qarabağda qəti nəticə, ABŞ ilə yaxınlaşma, daxildə təsir şəbəkələrinin zəiflədilməsi və prinsipial dövlət mövqeyi – bunların hər biri ayrıca səbəbdir. Birlikdə isə bu, Rusiyanın Cənubi Qafqaz strategiyasının çökməsi deməkdir. Məhz buna görə informasiya hücumları, qarayaxma kampaniyaları və xüsusi xidmət alətləri aktivləşdirilir. Lakin reallıq dəyişib. Azərbaycan artıq təzyiq obyektinə yox, güc mərkəzinə çevrilib”.

Ekspert bildirib ki, Ruben Vardanyan amili də diqqət çəkir:

“Moskvanın Qarabağa böyük ümidlərlə göndərdiyi bu fiqurun həbsi və mühakimə olunması Rusiyada ciddi hiddət doğurub. Çünki Vardanyan layihəsi iflasa uğradı. Onun vasitəsilə bölgədə yeni təsir mexanizmi qurmaq planı puça çıxdı.

Azərbaycan isə baş verənlərin hamısını diqqətlə izləyir. Rusiyanın atdığı addımlar da, planlaşdırdığı növbəti gedişlər də Bakıya məlumdur. Kimlərinsə bu təxribatların cavabsız qalacağını düşünməsi sadəlövhlükdür. Dövlət öz təhlükəsizlik arxitekturasını qurub və informasiya müstəvisində də adekvat cavab mexanizmləri mövcuddur.

Hibrid müharibə səssiz aparılır, lakin nəticələri çox gur səslənir. Kreml bunu bilməlidir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Təzyiq dili burada işləmir. Rusiya hansı addımı atdığını da, sabah nə planlaşdırdığını da Azərbaycan çox yaxşı bilir”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
6
globalinfo.az

9Источники