RU

“Qarabağ” - “Nyukasl” matçının hakimi Çempionlar Liqasının pley-off səviyyəsinə uyğun deyildi” - Tahir Suleymanovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la “Nyukasl” arasında keçirilən oyun təkcə Azərbaycan təmsilçisinin 1:6 hesablı ağır məğlubiyyəti ilə deyil, həm də mübahisəli hakim qərarları ilə yadda qaldı.

“Qarabağ” azarkeşlərini xüsusilə meydan sahiblərinin qapısına təyin olunan ilk penalti epizodu narazı salıb: top həmin anda artıq qazonda olan Mateus Silvanın dayaq əlindən dəyib.

Norveçli baş hakim Espen Eskasın qərarı nə dərəcədə əsaslı idi?

İdman.Biz bu sualla keçmiş FIFA referisi, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova müraciət edib.

“İlk növbədə deyim ki, bu norveçli referinin kvalifikasiyası ümumiyyətlə Çempionlar Liqasının pley-off mərhələsinin səviyyəsinə uyğun deyildi. Baxın, oyunda neçə epizodu yalnız ingilis komandasının xeyrinə şərh etdi! Burada məsələ hətta qərəzdə də deyil - onun səviyyəsi həqiqətən arzuolunan deyil.

Bunun bariz nümunəsi ilk penalti epizodudur. Eskas qayda pozuntusunu dərhal qeydə almadı, qərarı yalnız VAR müdaxiləsindən sonra verdi. Faktiki olaraq 11 metrlik cərimə zərbəsini videoassistentlər təyin etdi, baş hakim isə hadisələrin mərkəzində olsa da, sadəcə onlarla razılaşdı.

Hətta bu penalti verilməsəydi belə, ümumi mənzərə dəyişməyəcəkdi: “Nyukasl” yenə də böyük hesabla qalib gələcəkdi - 6:1 yox, 5:1. Amma epizodun şərhi suallar doğurur. Beynəlxalq qaydalarda kifayət qədər uyğunsuzluqlar var, lakin əminəm ki, heç bir ciddi mütəxəssis bu penaltini yüzfaizlik adlandırmaz”, - deyə Tahir Süleymanov bildirib.

İdman.Biz
Избранный
33
1
idman.biz

2Источники