RU

Kasıbların halına görə oruc tuturuq? - İlahiyyatçı izah etdi

Müqəddəs Ramazan ayının gəlişi fonunda sosial şəbəkələrdə müxtəlif müzakirələr gedir. Ramazan orucu ilə bağlı sosial şəbəkə istifadəçilərindən biri belə bir fikir səsləndirib: biz kasıbların halından anlamaq üçün oruc tuturuq. Bəs kasıblar kimin halından anlamağa çalışır?

Bu fikir sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. İnanclı insanlar bu fikrin yanlış olduğunu, orucun fəlsəfəsinin təkcə kasıbın, acların halından anlamaq olmadığını söyləyib.

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli “Nə üçün oruc tuturuq?” sualına aydınlıq gətirib:

“Ola bilər ki, sosial şəbəkələrdə insanlar bilərəkdən və ya bilməyərəkdən müzakirələr aparırlar. Əlbəttə, Ramazan ayı və digər müqəddəs ay və günlərin təhlilini edərkən bəzən yanlışlığa yol verirlər. 

Suala buradan başlayaq: Nə üçün biz oruc tuturuq?

Əvvəla ona görə ki, orucu bizə Allah-taala fərz edib. Bunun dəlili Qurani Kərimin “əl-Bəqərə” surəsinin 183-cü ayəsində var. Orada deyilir ki, "Ey iman edənlər, oruc sizdən əvvəlki ümmətlərə fərz olduğu kimi sizlərə də vacib edildi”. Yəni hər şeydən - hikmətindən, faydasından, fəqir-füqəraya dəstək verilməsindən öncə mahiyyət etibarilə oruc Allahın əmridir.

Birinci məsələ təqva məsələsidir. Ayədə də deyilir ki, bəlkə siz təqvaya çatarsınız. Yəni o iç gerçəkliyinizə, həqiqi insanlığa çatasınız.

Digər tərəfdən insanın nəfsini tərbiyə etmək üçün önəmli şeylərdən biri nəfsin istəklərini yerinə yetirmək deyil, ona gəm vurmaqdır. Ona görə də biz Ramazanda bir aylıq nəfs tərbiyəsini öyrənirik. Nəfsani, şəhvani istəklərimizi idarə edirik”.

İlahiyyatçı deyib ki, Ramazan orucunun ən böyük fəlsəfəsindən biri də insana səbir mədəniyyətini öyrətməkdir:

“İnsana iradəsini tərbiyə imkanı nəsib edir. Həm də insanda şükür hissini formalaşdırır, nankorluq duyğularından uzaqlaşır. Allah-taala insanın özünü ac saxlayaraq eyni zamanda acların da dərdini bildirir. Bu artıq sosial və vicdani həssaslıq məsələsini ortaya qoyur. 

Bundan əlavə, Ramazan rəhmət ayıdır, şəfqət, cəhənnəmdən qurtuluş ayıdır, Quranın baharıdır. Bunun hər birinin dəlili var. Ona görə də sırf fəqirlərin, yoxsulların dərdinə şərik olmaq üçün əmr edildiyini demək olmaz. Amma eyni zamanda bəli. İnsan oruc tutduğu zaman fəqir-füqəranın da əhvalını yaşamış olur” – o əlavə edib.

Billurə Yunus

Избранный
64
olke.az

1Источники