RU

Texnoloji keçidin innovativ layihələri

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib. 4SİM-in icraçı direktoru Fariz Cəfərov il ərzində qurumun sənaye müəssisələrinin rəqəmsal transformasiyası, innovativ inkişafın təşviqi və insan resurslarının rəqəmsal bacarıqlarının inkişafı və digər istiqamətlərdə fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, Sənaye 4.0-a keçidi nəzərdə tutan “Rəqəmsal iqtisadiyyatın inkişafına dəstək” proqramına start verilib. Proqrama müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyəsi beynəlxalq metodologiyalar əsasında qiymətləndirilir. Qiymətləndirmə nəticələrinə uyğun olaraq hər bir müəssisənin spesifik ehtiyacları nəzərə alınmaqla texnoloji transformasiya üzrə fərdi yol xəritələri hazırlanır. Daha əvvəl proqramın pilot mərhələsini uğurla başa vurmuş “METAK”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiyasına dəstək göstərilib. Hazırda həmin müəssisələr onlar üçün hazırlanmış yol xəritəsini icra edirlər. Proqramın müəssisələrdə 5-8 faiz arasında EBİTDA artımı yaradacağı gözlənilir.

Sənaye 4.0 transformasiyasının müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artırılması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və resurslardan daha səmərəli istifadə kimi mühüm üstünlüklər qazandırdığını diqqətə çatdıran F.Cəfərovun sözlərinə görə, 2030-cu ilə qədər 60-dan çox yerli müəssisənin rəqəmsal və dayanıqlı transformasiya prosesinə cəlb edilməsi hədəflənir.

Diqqətə çatdırılıb ki, ötən il rəqəmsal iqtisadiyyata keçidin dəstəklənməsi məqsədilə insan kapitalının inkişafına yönəlmiş layihələr həyata keçirilib. 2023-cü ildə başlayan “4Sİ Akademiyası” çərçivəsində vətəndaşlarımız dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanmaq imkanı əldə edib. Bu günədək 60 mindən artıq Azərbaycan vətəndaşı platformada süni intellekt, proqramlaşdırma, data analitikası və digər müasir texnologiyalar üzrə bilik və bacarıqlarını artırıb. Vətəndaşlar “Coursera” onlayn təhsil platformasında 260 mindən çox təlimə müraciət ediblər. Təlimləri uğurla keçənlər 90 mindən çox beynəlxalq sertifikat alıblar.

“4Sİ Akademiyası” çərçivəsində 2025-ci ilin aprel ayından start götürən “Milli Proqram” rəqəmsal bacarıqların artırılması, innovasiya yönümlü təfəkkürün təşviqi və yeni texnologiyalara inteqrasiyanın sürətləndirilməsi, həmçinin iştirakçılara öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanlar yaradıb. Azərbaycan vətəndaşları “Coursera” platformasında yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq dünyanın 375-dən çox aparıcı universitet və texnologiya şirkətlərinin 13 mindən çox təliminə ödənişsiz çıxış əldə edib. Proqram ölkənin bütün regionlarını əhatə edir, 2026-cı ilin aprel ayınadək ümumilikdə 70 min vətəndaşın proqramdan faydalanması nəzərdə tutulub. İstifadəçilərin əsas hissəsi 21-30 yaş arasında olsa da, proqram müxtəlif yaş qruplarını əhatə edib. Belə ki, proqramın ən gənc iştirakçısı 8, ən yaşlı iştirakçısı isə 87 yaşındadır. Eyni zamanda, proqram istifadəçilərinin 56 faizini qadınlar təşkil edir.

İnsan kapitalının inkişafı istiqamətində həyata keçirilən digər mühüm təşəbbüs 4SİM tərəfindən icra olunan təcrübə proqramlarıdır. Ötən il 5 belə təcrübə proqramı çərçivəsində 500-dən artıq gənc rəqəmsal iqtisadiyyat, layihələrin idarəolunması, data analitikası, süni intellekt və digər qabaqcıl texnoloji sahələr üzrə müxtəlif layihələrdə iş təcrübəsi qazanıb. Proqram iştirakçıları əldə etdikləri praktiki bacarıqlar sayəsində əmək bazarında rəqabət qabiliyyətlərini artırıblar. 4SİM insan resurslarının inkişafı sahəsində ötən il daha bir layihənin icrasına start verib. Dünya İqtisadi Forumu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi çərçivəsində ölkənin əmək bazarında mövcud bacarıq boşluqlarının aradan qaldırılması məqsədilə kompleks fəaliyyət planı hazırlanacaq.

Bildirilib ki, bu ilin yanvar ayında Davos Forumu çərçivəsində 4SİM 3 müxtəlif panel sessiyasında təmsil olunub. İlk dəfə forum çərçivəsində 4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil edilib, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb. İl ərzində 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək.

XQ

Избранный
25
1
xalqqazeti.az

2Источники