RU

Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

Sumqayıt şəhəri internat tipli gimnaziya və general M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) aparatı məlumat yayıb.

Bildirilib ki, Ombudsmanın Milli Preventiv Qrupu Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən hər iki müəssisəyə başçəkmələr təşkil edib. Məqsəd bu gimnaziyalarda saxlanılan uşaqlarla rəftar və onların hüquqlarının təmini məsələlərinin, yaradılmış şəraitin araşdırılması, göstərilən xidmətlərin keyfiyyəti və normalara uyğunluq vəziyyətinin öyrənilməsi olub. Monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, Sumqayıt şəhər internat tipli gimnaziyanın yataqxana korpusunun bir hissəsinin əvvəlki dövrlərdə müxtəlif sosial ehtiyaclarla əlaqədar istifadə olunması nəticəsində binanın yalnız məhdud hissəsi şagirdlərin istifadəsinə ayrılıb. Bu da onların müvafiq yaşayış şəraiti ilə təmin olunmaq hüququnun tam şəkildə təmin edilmədiyini göstərir.

Bundan əlavə, yataqxana korpusunda hamam otağı nəzərdə tutulmasına baxmayaraq, istifadəyə yararsız vəziyyətdə olması, əsas tədris korpusunda sanitar qovşaqların çatışmadığı müşahidə edilib.

General M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada isə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil prosesinə real və effektiv inteqrasiyanı təmin edən mexanizmlərin və xüsusi inteqrasiya qruplarının yaradılmadığı müəyyən olunub. Bu vəziyyət inklüziv təhsil hüququnun tam şəkildə həyata keçirilməsinə maneə yaratmaqla yanaşı, həmin kateqoriyadan olan uşaqların bərabər imkanlardan istifadə hüququnun məhdudlaşmasına səbəb olur.

Hər iki müəssisədə aparılmış araşdırma zamanı uşaqların geyim və ayaqqabı təminatının Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş normalara tam uyğun həyata keçirilmədiyi aşkar olunub. Belə ki, bəzi hallarda təminatın gecikdirildiyi, eləcə də nəzərdə tutulmuş say və çeşid üzrə çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Müəssisələrin rəhbərliyinə nöqsanların aradan qaldırılması, uşaqların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, sanitariya-gigiyena normalarına tam riayət olunması, habelə inklüziv mühitin formalaşdırılması ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

Избранный
59
15
ikisahil.az

10Источники