RU

Seyfəddin Hüseynli: Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir

“Rusiyada heç bir hüquqi əsas olmadan aylardan bəri həbsdə saxlanılan qardaşım Bakir Səfərovun həyatı təhlükədədir”.

APA xəbər verir ki, bu barədə ötən ilin iyununda törədilmiş “Yekaterinburq hadisələri” zamanı 2 qardaşı Rusiyanın hüquq mühafizə orqanları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, 1 qardaşı isə hələ də Rusiyada həbsdə saxlanılan Seyfəddin Hüseynli (Səfərov) açıqlama verib.

O, deyib ki, rəsmi Moskva tərəfindən etnik azlıqların məruz qaldığı ayrı-seçkilik sistemli təzyiq və təqibin tərkib hissəsidir: “Mənim ailə üzvlərim, doğmalarım Rusiyada etnik dözümsüzlüyün pik həddə çatmasının qurbanlarıdır. 2025-ci ilin yayında Yekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı baş verən amansız hücumlar və təzyiqlər Azərbaycan ictimaiyyətini dərindən sarsıtdı, haqlı olaraq böyük hiddət doğurdu. Qardaşlarım - Ziyəddin və Hüseyn Səfərovlar hüquqazidd şəkildə saxlanılaraq evində, övladlarının gözləri qarşısında döyüldü, işgəncələrə məruz qoyuldu və sonra hər ikisi öldürüldü. Digər qardaşım – alitəhsilli rus dili müəllimi, ziyalı və nümunəvi vətəndaş Bakir Səfərov saxta ittihamlarla hələ də həbsdə saxlanılır. Bizim ailəmizə qarşı zorakılığa yol vermiş Rusiyanın hüquq-mühafizə orqanlarının vəzifəli şəxslərinin heç biri cəzalandırılmadı. Diaspor nümayəndələrimiz, o cümlədən Şahin Şıxlinski və ailəsi də oxşar rəftara məruz qaldı. Əksinə, Yekaterinburqda azərbaycanlılara divan tutan Rusiya polisləri bu hadisələrdən sonra yüksək dövlət təltiflərinə layiq görülüb. Onların içərisində vaxtilə Qarabağda erməni separatçıları ilə çiyin-çiyinə çalışmış polis polkovniki İbrahim Əbdülqədirov da var və o, Rusiyanın 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib”.

Seyfəddin Hüseynli qeyd edib ki, AZAL-ın mülki təyyarəsinə raket atəşləri açan Rusiya hərbçiləri də indiyədək cəzalandırılmayıb: “Əksinə, bu yaxınlarda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin bu hadisəni ört-basdır etməyə yönələn və cinayət işinə xitam verilməsi barədə anlaşılmaz məktubu ictimailəşdi. Təbii ki, Azərbaycan dövləti bu məsələlərlə bağlı çox ciddi iş aparır, bununla əlaqədar ali səviyyədə qətiyyətli siyasi iradə bildirilib. Lakin düşünürük ki, vətəndaş cəmiyyəti də fəal şəkildə bu prosesə qoşulmalıdır, BMT və digər təsisatlarda Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik, həyatları üçün yaranan ciddi təhlükə diqqət mərkəzinə gətirilməlidir”.

Seyfəddin Hüseynli artıq bu istiqamətdə mübarizəsini 2026-ci il yanvarın 20-də Bakıda təsis etdiyi və sədri olduğu “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi çərçivəsində davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Rusiyada digər etnik azlıqlara – məsələn, ləzgilərə, talışlara, çərkəzlərə münasibətdə də insan haqları davamlı şəkildə pozulur və onların da hüquqlarının müdafiəsinə ciddi ehtiyac var. S.Hüseynli vurğulayıb ki, Azərbaycan mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq məkanı kimi nümunəvi modelə malikdir, ölkə daxilində etnik və mədəni müxtəliflik milli sərvət kimi qəbul olunur, hamı bir ailə kimi yaşayır: “Təəssüf ki, Rusiyanın bir sıra beyin mərkəzlərinin, QHT-lərinin, media resurslarının yaydığı materiallarda, hətta onların BMT təsisatlarında çıxışlarında Azərbaycana qarşı iftiralar adi hala çevrilib. Bu yaxınlarda Rusiyanın Çarqrad İnstitutunun Etnodini Tədqiqatlar Mərkəzi (Центр этнорелигиозных исследований Института Царьград) yaydığı qərəzli hesabatda Azərbaycan az qala ləzgilərə və talışlara qarşı hücum edən ölkə kimi qələmə verilib. Mərkəzimiz Rusiyanın daxilinə ayna tutacaq, əslində, real problemin əsl ünvanını göstərəcək. Biz Rusiyanın mütərəqqi, etnik və mədəni müxtəlifliyin qorunmasına kömək edən ictimai qurumları ilə əməkdaşlıq etmək niyyətindəyik. Mən özüm Rusiya ədəbiyyatından çoxsaylı bədii tərcümələrin tanınmış müəllifiyəm, bu məzmunda bis sıra nəşrlərin redaktoru olmuşam. Rusiyanın zəngin mədəniyyətinin təmsilçiləri sırasında dünya klassikləri var və mən uzun illər onların irsinin təbliği ilə məşğul olmuşam. Mən və məsləkdaşlarım inanırıq ki, intellekt, müdriklik sonda qalib gələcək. Çünki rəsmi Moskvanın etnik qrupları siyasi təzyiq aləti kimi istifadə etməsi, təqiblərə və ayrı-seçkiliyə məruz qoyması heç bir çərçivəyə sığmır. Bu isə ilk növbədə Rusiya hakimiyyətinin öz vətəndaşlarına qarşı açıq hörmətsizliyidir”.

“Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədr müavini, çərkəz qırğınları məsələsinə dair sistemli tədqiqatları ilə tanınan professor Yusif Alıyevin sözlərinə görə, Rusiyanın tarix boyu Qafqaz xalqlarına qarşı amansız işğal, kütləvi qırğın və sürgün siyasəti ayrıca diqqət tələb edir: “Çar Rusiyası XVIII-XIX əsrlərdə - təxminən yüz il boyunca Qafqazdakı çərkəzləri soyqırıma məruz qoyub. Qəddar rus generallarının başçılığı ilə çar qoşunları çərkəzlərə qanlı divan tutub, qəsəbə, kənd və obalarını bütünlüklə dağıdıb və yandırıb. Yüzminlərlə çərkəz ya silahlı qırğınlarda, ya da aclıq, xəstəlik üzündən ölüb, təxminən bir o qədəri əzəli yurdlarından didərgin düşməli olub. Qalanları isə kütləvi şəkildə həbs, yaxud sürgün olunaraq bu yolla məhv ediliblər. Nəticədə, çərkəz xalqının son dərəcə az bir qismi həyatda qala və öz diyarında yaşaya bilib. Buna bənzər müsibətlər zaman-zaman Qafqazdakı digər yerli xalqların və etnik qrupların da başına gətirilib. Azərbaycanın Mədəni və Etnik Müxtəliflik Mərkəzi Türkiyə, Litva, Polşa, İsrail, ABŞ və digər ölkələrdəki çərkəz icmaları ilə ortaq tədbirlər düzənləməyə, bu istiqamətdə ətraflı tədqiqatlar aparmağa çalışacaq. Sovet rejiminin də tarixində etnik zəmində törədilmiş çox sayda dəhşətli faktlar var. 20 Yanvar şəhidləri də eyni qanlı dəst-xəttin qurbanlarıdır.

Bir neçə gün sonra Xocalı soyqırımının növbəti ildönümü olacaq. Rusiyanın 366-cı polku Azərbaycan xalqına qarşı bu cinayətə görə cavabdehdir. Təəssüflər olsun ki, müasir Rusiya hələ də bir neçə cəhətdən özünü həmin qara mirasın sahibi kimi aparır. Bu yanlış mövqe ilə Moskva birincisi, müttəfiqlik münasibəti qura biləcəyi qonşu ölkələri özündən uzaqlaşdırır, digər tərəfdən Rusiya daxilində mədəni və etnik dözümsüzlüyü gücləndirir”. Yusif Alıyev Ukrayna cəhhəsinə - faktiki ölümə göndərilənlər içərisində də etnik azlıqlar içərisindən olanların xeyli sayda olduğunu, bu faktların Rusiya mediasında qabardılmasının qadağan edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Mədəni və Etnik Müxtəliflik Mərkəzi Rusiyada etnik azlıqların məruz qaldığı ayrı-seçkilik halları ilə bağlı hesabatlar üzərində işləyir, bu sənədlər BMT və digər beynəlxalq təsisatlara təqdim olunacaq.

Избранный
27
8
apa.az

9Источники