RU

BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

BP Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan "Turan Drilling & Engineering Company" MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Yenilənmiş müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması - Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq, ACE və Şahdəniz Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

Bu, Xəzər regionunda bp-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti bir iri müqavilədir. Bu müqavilə bp və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənmiş müqavilə həmçinin bp-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.

bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib: ""Turan Drilling & Engineering Company" ilə olan uzunmüddətli müqaviləmizin yenilənməsindən çox məmnunuq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz onilliklərə söykənən beynəlxalq təcrübəni, qabaqcıl qlobal yanaşma və texnologiyaları, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığımızın davam edəcəyindən həqiqətən məmnunuq. bp regiondakı 33 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. İnanırıq ki, bu yeni müqavilə əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə davamlı öhdəliyimizi dəstəkləyəcək."

bp və tərəfdaşlarının Azərbaycan qarşısında güclü və uzunmüddətli öhdəliyi var və onlar 33 ildir ki, ölkədə həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində fəal iştirak edirlər. İndiyədək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 89 milyard dollardan artıq sərmayə yatırıb, təqribən 4,6 miyard barel AÇG nefti və 264 milyard kubmetr Şahdəniz qazı hasil edib, Ceyhanda 6000-dən çox tanker yükləyib.

Bu nailiyyətlər Azərbaycanda enerji sahəsinin dəyişməsinə əhəmiyyətli təsir edib və regionun inkişafına töhfə verib.

bp-nin operatorluğu ilə həyata keçirilən layihələr öz əsas biznes məqsədlərindən əlavə yerli icmalar üçün geniş mənfəətlər gətirib - çoxsaylı iş yerləri açılıb, gəlir imkanları yaradılıb, iqdisadi inkişafa dəstək verilib, işbirlikləri yaradılıb, yerli sahibkarlıq inkişaf etdirilib təhsil və yerli bacarıqların inkişafına, idman və mədəni irs layihələrinə dəstək verilib.

İndiyədək bp öz tərəfdaşları ilə birlikdə sosial dayanıqlılıq layihələrinə 115 milyon dollardan çox vəsait xərcləyərək əməliyyatlarının qonşuluğunda yaşayan icmalara uzunmüddətli müsbət faydalar gətirib.

Избранный
35
11
far.az

10Источники