RU

Azərbaycanın prinsipial mövqeyi Münxendən dünyaya bəyan olundu

Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu təhlükəsizlik və xarici siyasət forumlarından biridir. Hər il fevral ayında Almaniyanın Münxen şəhərində keçirilən bu konfrans dövlət və hökumət başçılarını, nazirləri, beynəlxalq təşkilat rəhbərlərini, ekspertləri, hərbi dairələri bir araya gətirir. 

Milli Məclisin deputatı Müşfiq Cəfərov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması, aktual mövzulara həsr olunmuş tədbirlərdə iştirakı, ikitərəfli görüşləri dövlətimizin beynəlxalq aləm üçün əhəmiyyətini bir daha təsdiqləyir.  Prezident İlham Əliyev həmişə bu təhlükəsizlik platformasına dəvət alır, bu çərçivədə keçirilən qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrdə iştirak edir. "Dövlət başçımızın konfrans çərçivəsində açıq dəhlizə həsr olunmuş panel iclasda çıxışı, keçirdiyi görüşlər Azərbaycanın regional proseslərə baxışını, xüsusilə postmünaqişə dövründə Cənubi Qafqazda formalaşan yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından əhəmiyyətli oldu. Bu panel iclas və görüşlərdə ölkəmizin rəhbəri regionda sülh gündəliyinin inkişafı, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin olunması ilə bağlı Bakının prinsipial mövqeyini beynəlxalq aləmin diqqətinə çatdırdı", - deyə deputat bildirib. 

M.Cəfərov qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu görüşlərdəki müzakirələrin əsas istiqamətlərindən biri olub: "Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan etibarlı tərəfdaş kimi qaz təchizatını artırır və enerji şaxələndirilməsinə real töhfə verir. Münxen platformasında da Azərbaycan yalnız regional aktor deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm tərəfdaş kimi qəbul olunur".

Deputat deyib ki, konfrans çərçivəsində keçirilən ikitərəfli görüşlər Azərbaycanın müxtəlif güc mərkəzləri ilə dialoqunu davam etdirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. ABŞ, Avropa İttifaqı ölkələri və digər tərəfdaşlarla aparılan müzakirələr ölkəmizin çoxvektorlu xarici siyasət kursunun davamıdır. "Panel iclasda dövlətimizin başçısının dediyi kimi, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın coğrafi mövqeyi ölkəmizin üstünlüyüdür. Eyni zamanda iclasda TRIPP layihəsi də diqqət mərkəzində olub. Bu layihənin bütün ölkələr üçün faydalı olacağı qeyd olunub", - deyə M.Cəfərov əlavə edib.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
36
azerbaijan-news.az

1Источники