RU

Regionda kritik gedişat: iki ölkə hərəkətə keçdi Müharibə başlayır?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, İran hərbi təlimlərin keçirilməsi ilə əlaqədar Hörmüz boğazının müvəqqəti bağlandığını açıqlayıb. Bildirilir ki, qlobal neft tədarükünün əhəmiyyətli hissəsi bu marşrutdan keçir və yaranan hər hansı məhdudiyyət dünya bazarında qiymətlərin artımına səbəb ola bilər. 

Bu, Azərbaycanda neftin qiymətinə necə təsir edə bilər? Prosesin iqtisadi və siyasi riskləri nədən ibarətdir?

Globalinfo.az-a danışan iqtisadçı Turab Rzayev deyib ki, İranın hərbi təlimləri neft bazarında müəyyən dalğalanmalara səbəb ola bilər:

“Belə addımlar bölgədə hərbi münaqişə ehtimalı ilə bağlı gözləntiləri artırır və bu da investor davranışına təsir göstərir. İran daha əvvəl də Hörmüz boğazını bağlamaqla hədələyib. Nəzərə alsaq ki, dünya üzrə ixrac olunan neftin təxminən üçdə biri bu marşrutdan keçir, boğazın bağlanmasının qlobal bazarda ciddi qiymət artımına gətirib çıxarması mümkündür. Hazırkı vəziyyətin ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırdığı bir dövrə təsadüf etməsi də risk amilini yüksəldir”.

Turab Rzayev

İqtisadçı bildirib ki, İranla ABŞ arasında gərginliyin artması neft təchizatı ilə bağlı narahatlıqları gücləndirir:

“Gündəlik təxminən 1,8 milyon barel neft ixrac edən İran üçün mümkün hərbi toqquşma ixracın azalması deməkdir. Bu isə qlobal təklifin daralmasına və nəticədə qiymətlərin artmasına gətirib çıxara bilər. İranın münaqişə halında Hörmüz boğazını bağlayacağı ilə bağlı təhdidləri də bazarda əlavə risk faktoru yaradır. Digər tərəfdən, ABŞ-ın Venesuela barəsində son addımları müəyyən alternativ neft həcmlərinin bazara çıxarılmasına imkan verə bilər. Bu isə qiymət artımını qismən balanslaşdırar. Lakin genişmiqyaslı müharibə baş verərsə, neft qiymətlərində ciddi və davamlı dalğalanma qaçılmaz olacaq. Əgər söhbət yalnız hərbi təlimlərlə məhdudlaşarsa, təsir daha çox qısamüddətli və məhdud xarakter daşıyacaq”.

Qeyd edək ki, bu gün İran Rusiya ilə də Oman dənizi və Şimali Hind Okeanında təlimlər keçirəcək. Bildirilir ki, bu təlimlər Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən hərbi təlimlərdən bir neçə gün sonra baş tutacaq.

Xatırladaq ki, ötən gün İran Hörmüz boğazını bağlayıb. Tehran bunu hərbi təlimlərlə əlaqələndirsə də, qərarın ABŞ-la gərginlik fonunda verilməsi diqqət çəkir. Bildirilir ki, İran ABŞ-ın hərbi və siyasi təzyiqlərinə qarşı Hörmüzü bağlamaq rıçağından istifadə edir.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
globalinfo.az

1Источники