RU

Almaniya hökuməti yeni prezident seçkisinin gələn il yanvarın 30 da keçirilməsini planlaşdırır

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Berlin, 19 fevral, AZƏRTAC

Almaniyada koalisiya hökuməti yeni prezident seçkisi üçün Federal Məclisin (Bundesversammlung) 2027-ci il yanvarın 30-da keçirilməsini planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Spiegel” jurnalına koalisiya hökumətində yer alan Birlik bloku (CDU/CSU) və Sosial Demokratlar Partiyasından (SPD) bildirilib.

Federal Məclisin toplantısı üçün daha əvvəl gündəmdə olan 14 fevral tarixi həmin həftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransı keçiriləcəyi üçün qəbul edilməyib. Nəşrin məlumatına görə, Kansler Fridrix Merts də Münxen Təhlükəsizlik Konfransı ilə əlaqədar prezident seçkisinin həmin həftəsonunda keçirilməməsinə önəm verir.

Almaniyanın hazırkı Prezidenti Frank-Valter Ştaynmayerin ikinci prezidentlik müddəti 2027-ci il martın 18-də başa çatacaq. Konstitusiyaya əsasən, yeni Prezident seçkisi bundan ən azı 30 gün əvvəl keçirilməlidir. Bunun üçün son tarix 2027-ci il fevralın 16-na təsadüf edir. Son illərdə Federal Məclisin iclasları adətən şənbə və ya bazar günləri keçirildiyi üçün həmin vaxtdan əvvəlki həftəsonu 63-cü Münxen Təhlükəsizlik Konfransı ilə eyni həftəsonuna təsadüf edir. Ondan əvvəlki həftəsonu isə karnaval ilə əlaqədar gündəmdən çıxır. Buna görə də SPD və Birlik bloku seçkini yanvarın 30-da keçirmək istəyir. Nəşr yazır ki, bu plan hələ müxalifətlə razılaşdırılmayıb.

Federal Məclis Almaniya Prezidentini seçmək üçün yalnız bu məqsədlə toplanan xüsusi qurumdur. O, Bundestaqın bütün deputatlarından və onların sayı qədər federal əyalətlərin parlamentləri tərəfindən seçilən nümayəndələrdən ibarət olur. Əyalət nümayəndələri arasında siyasətçilərlə yanaşı, elm, mədəniyyət, idman sahələrindən tanınmış şəxslər də yer alırlar.

Son vaxtlar ölkədə növbəti prezidentin qadın olması barədə müzakirələrə də tez-tez rast gəlinir. Əsasən SPD və Yaşıllar partiyalarından olan siyasətçilər bu barədə çağırışları yenidən səsləndiriblər. Bu partiyalardan olan bəzi siyasətçilər növbəti prezident üçün namizədin mütləq siyasətçi olması şərtini o qədər də önəmli hesab etməyiblər. Qeyd edək ki, sabiq Kansler Angela Merkelin seçkidə namizəd olacağı barədə bir neçə gün əvvəl bəzi iddialar səsləndirilsə də, Kansler ofisi yayılan məlumatlar təkzib etmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
65
3
azertag.az

4Источники