Təbiətin özünəməxsus qanunları çərçivəsində bizə qorxuducu görünən bir çox davranış əslində yaşamaq mübarizəsinin bir hissəsidir. Bu vərdişlərin başında gələn və çox zaman “vahşilik” kimi qiymətləndirilən yamyamlıq, ilanlar aləmində düşündüyümüzdən daha dərin bir strategiyaya söykənir.
HİT.az-ın məlumatına görə, yeni tədqiqat göstərir ki, ilanlar təkamül prosesi boyunca ən azı 11 müxtəlif dövrdə, bir-birindən tamamilə müstəqil şəkildə öz növlərini yemək meyli inkişaf etdirib. Alimlər artıq bunu bir sapma kimi yox, təbiətin təqdim etdiyi çətin şərtlərə verilmiş məntiqli cavab kimi qiymətləndirir.
2025-ci ilin sonunda başa çatmış genişmiqyaslı araşdırma dünya üzrə ilan növlərinə aid 500-dən çox yamyamlıq hadisəsini analiz edib. Nəticələr göstərir ki, qida resursları məhdudlaşanda və ya yaşam sahələri daraldıqda, bir ilan üçün öz növündən birini ovlamaq “fürsətçi pəhriz” seçimi kimi ortaya çıxır. Xüsusilə dünyanın ən geniş yayılmış ilan ailəsi olan Colubridae üzvlərində bu hal daha tez-tez müşahidə olunub. Normalda digər ilanlarla qidalanmayan bu canlılar, digər yeməklər tükəndikdə çaresizlikdən öz növlərinə yönələrək həyat mübarizəsini davam etdirir.
İlan aləmində yamyamlığın həyat tərzinə çevrilməsi bəzən yalnız çaresizliklə izah edilə bilmir. Məsələn, kobralar təbiətdə digər ilanları ovlamağı ilə tanındığı üçün öz növlərini də menyuya əlavə etməkdən çəkinmir. Lakin burada maraqlı bir fiziki məhdudiyyət var: çənə quruluşu. Öz növündən birini yuta bilməyəcək qədər dar çənəyə sahib ilanlarda yamyamlıq halları demək olar ki, müşahidə edilməyib. Bu, ilanlar arasında “güc yetənin və yuta bilənin sağ qalması” prinsipinə əsaslanan bir nizam yaradır.
Yamyamlığın ilanlara verdiyi təkamül üstünlükləri də çoxşaxəlidir. Bəzi hallarda valideynlərin bala ilanlarını yeyərək populyasiyanı nəzarətdə saxladığı, bəzən isə kişi ilanların qıtlıq zamanında dişiləri ovlayaraq enerji topladığı müşahidə olunur. Tədqiqatı aparan mütəxəssislərdən Bruna Falcão, məlumatları təhlil etdikcə bu davranışın nə qədər geniş yayılmış olduğunu görüb təəccübləndiklərini bildirib.
Samir