RU

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri mühüm nəticələrlə yadda qaldı - RƏY

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində keçirilən görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası, eləcə də mətbuata verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişləndirildiyini bir daha nümayiş etdirdi.

Rəsmi görüşlər zamanı tərəflər siyasi dialoqun yüksək səviyyədə davam etdirilməsinin vacibliyini qeyd edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi barədə fikir mübadiləsi apardılar. İqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes mühitinin inkişafı əsas müzakirə mövzuları sırasında yer aldı.

QHT.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyini sədri Tural Nurməmmədov deyib.

O enerji sahəsində əməkdaşlıq perspektivlərinin xüsusi diqqət mərkəzində olduğunu bildirib və qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, bu istiqamətdə Serbiya ilə tərəfdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib: “Eyni zamanda, nəqliyyat-logistika sahəsində əməkdaşlıq, regional bağlantıların inkişafı və beynəlxalq layihələrdə birgə iştirak məsələləri də müzakirə edilib.

Mətbuata verilən bəyanatlarda dövlət başçıları Azərbaycan və Serbiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını qeyd etdilər, beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyin vacibliyini vurğuladılar. Humanitar və mədəni əlaqələrin inkişafı, xalqlar arasında təmasların genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdiriləcəyi bildirildi.

Ümumilikdə, Prezident İlham Əliyevin səfəri Azərbaycan Serbiya əlaqələrinin möhkəmləndirilməsi, strateji tərəfdaşlığın yeni mərhələyə keçidi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli nəticələrlə yadda qaldı”, - deyə QHT rəhbəri əlavə edib.

Избранный
19
1
qht.az

2Источники