RU

Səhiyyədə fərdlərin deyil, strukturun dəyişməsi önəmlidir

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İlk növbədə Səhiyyə Nazirliyi ilə TƏBİB birləşdirilməlidir, vahid idarəetmə strukturu yaradılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor həkimlərin normal fəaliyyətinin təmin olunmasının vacibliyini vurğulayıb:

"Bütün xəstəxanalar mülkiyyət formasından asılı olmayaraq, icbari tibbi sığortaya cəlb olunmalıdır. İlkin olaraq icbari tibbi sığortaya cəlb olunan özfəaliyyət sahələri var. Onlar mütləq İcbari Tibbi Sığortada olmalıdır, digər sahələr isə vətəndaşla dövlət arasında müvəqqəti olaraq bölünə bilər. Zaman-zaman bu məsələlər icbari tibbi sığorta paketinə keçə bilər".

Professor düşünür ki, fərdlərin dəyişməsi heç nəyi dəyişməyəcək:

"Biz artıq bunları görmüşük. Səhiyyədə struktur islahatlarına ehtiyac var. Bu dəfələrlə deyilib. Bu islahatlar elə aparılmalıdır ki, Azərbaycan səhiyyəsi tədricən Qərb səhiyyəsinin bir hissəsi ola bilsin. Heç olmasa müəyyən standartlara riayyət edilsin. Bütün bunlar islahatlardan asılıdır"

Tibbi ekspert Aydın Əliyev isə hesab edir ki, TƏBİB-də baş verən dəyişiklik səhiyyə sisteminə heç nə verməyəcək, heç nə dəyişməyəcək:

"Təyinat böyük görsənə bilər, ancaq nəticə etibarı ilə heç nə dəyişməyəcək. Həkimlərin maddi-rifah halı 30 ildən çoxdur ki, pis gündədir. Dedilər həkimlərə bonus verəcəklər, amma vermədilər. 3-4 aydan bir 300-400 manat verib həkimlərin başını qatırdılar. Dedilər həkimlərin, tibb bacılarının maaşı qalxacaq və bunların heç biri olmadı".

Aydın Əliyev vurğulayıb ki, bu gün Azərbaycanın ən savadlı həkimləri ölkədən kənara üz tutur:

"Əgər tibb işçiləri üçün belə şərait varsa, həmin tələbələr, kadrlar ölkədən niyə gedir? İnsan 30 il oxuyur ki, bir gün görsün. Tibb tələbəçiliyi çox əziyyətlidir, gecəsi-gündüzü yoxdur. Əsəb, stress, bir də baxırsan ki, bir dərs üçün 100 səhifəlik kitab oxumalısan. Bu roman deyil, hər səhifəsini düşünməlisən. Bir insan həkim olana qədər 3 cür xəstəlik tapır. Fikirləşir ki, gələcəkdə əli işə çatanda yaxşı bir gün görər, onu da tapa bilmir. Bunun üçün də ölkədən gedir".

Aydın Əliyev dövlət vəsaiti hesabına təhsil alan tələbələrin də əksəriyyətinin ölkəyə qayıtmadığını xatırladıb:

"Mən onları qınamıram. Maraqlanırlar, qohumları deyir ki, gəlmə ölkəyə. Biz həqiqətin gözünə dik baxmalıyıq".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
qaynarinfo.az

1Источники