
ABŞ-ın dövlət katibi Marko Rubio adanın gələcək taleyini müzakirə etmək üçün Kubanın keçmiş lideri Raul Kastronun nəvəsi və köməkçisi Raul Gilyermo Rodriges Kastro ilə gizli təmaslar qurub.
AFN.az xəbər verir ki, "Axios" portalının administrasiyadakı mənbələrə istinadən yaydığı məlumatda bu görüşlərin rəsmi Kuba hökumət kanallarından kənar keçirildiyi bildirilir. Tramp administrasiyasının yüksək rütbəli rəsmisi bu təmasları danışıq deyil, daha çox gələcəklə bağlı "müzakirələr" kimi xarakterizə edib.
Məlumatda qeyd olunur ki, Vaşinqton 94 yaşlı inqilabçı Raul Kastronu hələ də adada real qərar qəbul edən əsas şəxs kimi görür. Marko Rubio və onun komandası 41 yaşlı nəvə Kastronu (Kuba daxilində "El Cangrejo" ləqəbi ilə tanınır) inqilabi kommunizmin iflasa uğradığını anlayan və ABŞ ilə yaxınlaşmanın tərəfdarı olan yeni, işgüzar nəslin təmsilçisi hesab edir.
Ağ Evin rəsmi mövqeyi rejimin dəyişməli olduğu yönündə qalsa da, bu prosesin hansı formada baş verəcəyinə dair hələ yekun qərar verilməyib. Rubio ilə Kastronun nəvəsi arasındakı söhbətlərin "təəccüblü dərəcədə mehriban" keçdiyi, eyni zamanda ABŞ nümayəndələrinin adadakı digər nüfuzlu şəxslərlə də əlaqə saxladığı bildirilir.